Bu ölkə “Sepah”ı terror təşkilatı kimi tanıdı

Paraqvay İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (“Sepah”) terror təşkilatı kimi tanıyıb. SİA xəbər verir ki, bu barədə Paraqvay Prezidenti Santyaqo Penya fərman imzalayıb.

Paraqvay rəsmi olaraq “Sepah”ı terror təşkilatı kimi tanıyıb, eyni zamanda bu qərarı Fələstinin HƏMAS və Livanın “Hizbullah” təşkilatlarının bütün strukturuna da şamil edib. Belə ki ki, rəsmi Asunsyon bu qərarı HƏMAS və “Hizbullah”ın təkcə silahlı qanadlarına deyil, həm də siyasi və sosial quruluşlarına aid edib.

“Bu tədbirlər beynəlxalq ictimaiyyətin sülhünün, insan hüquqlarının və təhlükəsizliyinin sistematik pozuntularına cavabdır”, – Paraqvay lideri sosial şəbəkədə yazıb.

Bundan başqa, dövlət başçısının dərc etdiyi rəsmi bəyanata görə, Paraqvay “zərərli təhdidlərdən biri olan terrorizmə qarşı mübarizədə öz qəti və dəyişməz mövqeyini təsdiqləyir”.

Qeyd olunub ki, “Sepah”ın siyahıya daxil edilməsi hərbi quruluşun “insan hüquqlarının sistematik pozulmasında iştirakı və qlobal miqyasda terror fəaliyyətlərinə cəlb olunması” ilə əlaqədardır.

Bildirilib ki, bu cür tədbirlər ABŞ və İsrail kimi ölkələrlə strateji ittifaqları gücləndirir. Sənəddə terrorçuluğun “sərhəd və bayraq tanımadığı” vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə