ABŞ Prezidenti Donald Trampın Çin başda olmaqla xaricdən idxal olunan mallara əlavə rüsumlar tətbiqi ilə qlobal iqtisadiyyatın üzləşdiyi gərginlik fonunda Cənubi Koreyanın milli valyutası olan vonun məzənnəsi zəifləyir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, aprelin 9-da vonun ABŞ dollarına nisbətdə məzənnəsi 1,48-ə enib. Əvvəlki günlə müqayisədə 1 ABŞ dolları 10,8 von bahalanıb. Bu, qlobal iqtisadi böhranla əlaqədar 2009-cu il martın 13-dəki məzənnədən də aşağıdır.
Koreya Bankı (BOK) və hökumət valyuta və maliyyə bazarlarının gözləniləndən daha uzun müddət ərzində artan dəyişkənliklə qarşılaşa biləcəyini xəbərdar edərək, lazım olduqda bazarı sabitləşdirmək üçün operativ tədbirlər görəcəyinə söz verib.
Qeyd edək ki, aprelin 2-də Donald Tramp dünyanın bir çox ölkəsindən idxal olunan mallara qarşılıqlı rüsum tətbiq ediləcəyini açıqlayıb. ABŞ ilə ticarət kəsiri yüksək olan ölkələrdən hesab edilən Cənubi Koreya mallarına isə 25 faizlik əlavə idxal rüsumunun tətbiq olunacağı açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə