Avropa İttifaqı (Aİ) Brüssellə Vaşinqton arasında gərginləşən ticarət münasibətlərini yumşaltmaq üçün ABŞ-a sənaye məhsulları üzrə bütün gömrük rüsumlarının qarşılıqlı şəkildə ləğvini nəzərdə tutan razılaşma təklif edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen məlumat verib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın rüsum qərarlarına baxmayaraq, Aİ dialoqa açıqdır.
Bu təklif Donald Trampın rüsum qərarlarından əvvəl təqdim olunub və sonuncu dəfə ötən cümə günü yenilənib. Ursula Fon der Lyayen bildirib ki, xüsusilə avtomobil sahəsində azad ticarət məsələsi bir neçə dəfə gündəmə gəlib, lakin hələ də adekvat cavab verilməyib.
Bununla yanaşı, Aİ tərəfi danışıqların uğursuz nəticələnəcəyi halda mümkün cavab tədbirlərinin hazırlanmasını da davam etdirir. Aİ ölkələrinin ticarət nazirlərinin Lüksemburqdakı iclasında ABŞ-ın əlavə gömrük rüsumlarına qarşı tədbirlər müzakirə edilib. Almaniyanın iqtisadiyyat naziri Robert Habek Avropanın bölünməməsinin vacibliyini vurğulayıb və ehtiyatlı, lakin məqsədyönlü cavab tədbirlərinə dəstək verib.
Aİ-nin cavab tədbirləri çərçivəsində gələn həftədən etibarən ABŞ məhsullarına, o cümlədən cins şalvar, viski, motosiklet və fıstıq yağına əlavə rüsumların tətbiqi gözlənilir. Gələcəkdə bu siyahıya ABŞ-ın kənd təsərrüfatı və sənaye məhsullarının da daxil ediləcəyi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə