Serbiyada yeni hökuməti formalaşdırmaq professor Duro Macuta tapşırılıb. SİA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ictimaiyyətə müraciətində deyib.
Dövlət başçısı bildirib ki, yeni hökumət cümə gününə qədər formalaşdırılacaq.
“Ölkənin regional siyasətlə bağlı bütün təzyiqlərə qarşı çıxdığı, Avropa İttifaqına üzvlük yolunun sürətləndiyi və ABŞ-ın yeni tarifləri fonunda yeni hökumətin qarşısında çətin vəzifələr durur. Eyni zamanda, ənənəvi dostlarla münasibətlərin qorunub saxlanması, həm xarici, həm də daxili investisiyaların səviyyəsini bərpa etmək kimi məsələlər hökumətin əsas vəzifələrindəndir”, - deyə Aleksandar Vuçiç vurğulayıb.
Qeyd edək ki, professor Duro Macut Serbiya təbabətini və Belqrad Universitetinin tibb fakültəsini endokrinologiya sahəsində ən tanınmış ekspertlərdən biri kimi dünyada məşhurlaşdırıb.
Serbiya Prezidenti həftə ərzində baş nazir vəzifəsinə təyinatla bağlı parlamentdə təmsil olunan siyasi partiyalarla məsləhətləşmələr aparıb.
Serbiya Milli Assambleyası martın 19-da Baş nazir Milos Vuçeviç və hökumətin istefasını təsdiqləyib. Yeni hökumətin formalaşdırılması üçün verilən müddət aprelin 18-də başa çatır.
Milos Vuçeviç və bir neçə nazir keçən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmir yolu vağzalında 15 nəfərin öldüyü, 2 nəfərin ağır yaralandığı qəzaya görə tələbələrin keçirdiyi etiraz aksiyalarından sonra istefa vermişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə