Çinin Mülki Aviasiya Administrasiyası pilotsuz uçuş aparatlarına uçuş fəaliyyəti sertifikat verib. Bu, Çində dronlarla sərnişin daşınması (uçan taksi) dövrünün rəsmən başlanmasıdır. SİA xəbər verir ki, uçuş fəaliyyəti sertifikatı alan uçan avtomobillər (eVTOL - elektrik mühərrikli şaquli qalxma və eniş həyata keçirən təyyarə) yerli “EHang” şirkətinin istehsalı olan dronlardır. EH216-S uçan avtomobilləri dünyanın 4 kateqoriyada (standartlaşma, uçuşa yararlılıq, istehsal və uçuş fəaliyyəti) sertifikat əldə edən ilk eVOLT-udur. EH216-S uçan taksiləri 16 elektrik mühərriki ilə təmin olunub. İki sərnişin tutan bu dronlar yerdən şaquli şəkildə qalxıb-enmək imkanına malikdir. Onun maksimum yük götürmə qabiliyyəti 220 kiloqram, sürəti saatda 100 kilometr, uçuş müddəti 21 dəqiqədir. İstehsalçının rəyinə görə, taksi həmin müddətdə 35 kilometr məsafə qət edə bilər. Bu dronlar 60 mindən çox təhlükəsiz sınaq uçuşu həyata keçirib. Onlardan şəhər nəqliyyatında, turizm sektorunda, logistikada istifadə olunacaq. İlkin mərhələdə Çinin Quancou və Hefey şəhərlərində sərnişinlər bilet alaraq uçan avtomobillərin xidmətindən istifadə edə biləcək.
Qeyd edək ki, aşağı hündürlük dedikdə, min metrə qədər, bəzən isə 3 min metrə qədər yüksəklik nəzərdə tutulur. Aşağı hündürlük iqtisadiyyatı Çində hazırda sıçrayış dövrünü yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə