BMT Konqo Demokratik Respublikasında aclıq təhlükəsi ilə bağlı həyəcan təbili çalıb
Birləşmiş Millətlər Təşkilatı bu il humanitar yardım fəaliyyətini davam etdirmək üçün tələb olunan 21,1 milyard dollar əvəzinə cəmi 1,57 milyard dollar alıb, ABŞ kimi əsas donorların kənara çəkilməsi ianələri 40 faiz azaldıb. SİA BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın Ümumdünya Ərzaq Proqramı (WFP) indi ən çox ehtiyacı olan ölkələrə üstünlük verir və cəbhə bölgələrində qida rasionunu genişləndirir. “Biz əməliyyat xərclərini azaltmaq üçün əlimizdən gələni etsək də, həyati təhlükə yaradan nəticələri olan maliyyə uçurumu ilə üzləşirik”, deyə bu strukturun bəyanatında bildirilib. Qeyd olunub ki, təcili qidalanma proqramları təkcə insanların həyatını xilas etmir, həm də onların əzabını yüngülləşdirir, ifrat dərəcədə aclıqla üzləşən əhaliyə, icmalara ümid verir.
Maliyyə vəsaitində kəskin azalmalar təşkilatın Qəzza, Sudan, Suriya və Konqo Demokratik Respublikası daxil olmaqla 28 bölgədəki qlobal proqramlarını təhdid edir. Ryni zamanda, silahlı münaqişədən əziyyət çəkən Cənubi Sudanda yağışlı mövsüm yaxınlaşdıqca, kəskin ərzaq çatışmazlığı ilə üzləşən 12,7 milyon insanın üçdə ikisi ac qala bilər.
WFP Şərqi Afrika ölkəsində müharibədən, ekstremal iqlim hadisələrindən və iqtisadi tənəzzüldən xilas olmuş 2,3 milyon insana ərzaq və qida yardımı edir. Bir milyondan çox insan qonşu Sudandan yoxsul ölkəyə qaçıb.
Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü xəbərdarlıq edib ki, tibbi ləvazimat çatışmazlığı, ictimai səhiyyə sisteminin dağılması və viral epidemiyaların sıçrayışı şəraitində Konqo Demokratik Respublikasında humanitar böhran daha da pisləşə bilər.Qoma şəhərinin qərb hissəsindəki Valikaledə baş verən son qarşıdurmalardan sonra 700-ə yaxın insan xəstəxanada müalicə axtarır, lakin maliyyənin kəsilməsi, xəstəliklərin yayılması və yardımın dayandırılması onların səhiyyə xidmətinə çıxışını əngəlləyir.
Təxminən 2 min insanın artıq öldüyünü vurğulayan ÜST nümayəndəsi, həmçinin böhranın Burundi, Ruanda, Uqanda və Tanzaniya kimi qonşu ölkələrə də təsir etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, virusa hər 10 yoluxmuş insandan biri Konqo ilə Burundi sərhədi yaxınlığında böyük bir epidemiya nəticəsində vəbadan ölür. Regionda vəba və mpox da daxil olmaqla yoluxucu xəstəliklərin epidemiyası müşahidə olunur və dəhşətli humanitar vəziyyət ölüm nisbətlərinin artmasına səbəb olur.
ÜST-nin təcili tibbi yardım qrupları insanlara qayğı göstərmək üçün əlavə qüvvələri səfərbər edir. Təşkilat bu yaxınlarda Uqandadan Keniya və Tanzaniya üzərindən Qomaya qədər uzanan yollarda 20 ton tibbi ləvazimat daşıya bilib, amma bunların hamısı böhrandan 50 milyon insanın təsirləndiyi ölkədə sadəcə okeanda bir damla olub.
Bütün xəbərlər Facebook səhifəmizdə