Türk nazir Avropa Şurası strukturunun qərəzli mövqeyini tənqid edib

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bir gün əvvəl Ankaraya qarşı qərəzli Bəyannamə qəbul edən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin ünvanına sərt tənqidlə çıxış edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, Avropa Şurasının bu strukturunun mövqeyini “hüquqi reallıqdan uzaq” adlandırıb, onun qərəzsizlik prinsipini pozduğunu vurğulayıb.

Y.Tunç sosial şəbəkədəki paylaşımında Türkiyənin hüquqi dövlət olduğunu, müstəqil məhkəmələrin fəaliyyət göstərdiyi və “hüququn aliliyi” prinsipinə hörmət edildiyini vurğulayıb.

“Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Bəyannaməsi kimi siyasi xarakterli sənədlər müstəqil məhkəmə sisteminə deyil, Türkiyənin daxili işlərinə qarışmağa yönəlib. Davam edən məhkəmə prosesləri ilə bağlı qərəzli və birtərəfli bəyanatların nazirliyin ümumi qəbul edilmiş hüquqi normaları ilə heç bir əlaqəsi yoxdur”, - deyə nazir qeyd edib.

O əlavə edib ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi siyasiləşmiş və qərəzli ritorikaya əl atır ki, bu da ona olan inamı sarsıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə