And dağlarındakı buzlaqlar milyonlarla insanın həyatını təhdid edir

Cənubi Amerikada And buzlaqlarının proqnozlaşdırılandan daha sürətlə yoxa çıxması və 100 milyona yaxın insanın su təchizatını təhdid edən narahatlıqlar artır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Londonda keçirilən nümayəndəlik konfransında Şeffild və Nyukasl universitetlərinin tədqiqatçıları məlumat veriblər.

Qeyd edək ki, And dağları Peru, Çili və Boliviya kimi ölkələrdən keçən uzun dağ silsiləsidir.

Buzlaq ehtiyatları içməli, əkin sahələrinin suvarılması və elektrik enerjisi istehsalı üçün su təmin edir, lakin iqlim dəyişikliyi səbəbindən onların həcmi durmadan azalır.

Araşdırmalara görə, buz qalınlığının illik itkisi 70 santimetrə çatır ki, bu da dünya üzrə orta göstəricidən 35 faiz yüksəkdir.

Əsas amil qlobal istiləşmədir: qarın miqdarının azalması, yağışların və quraqlıqların tezliyinin və intensivliyinin artması...

Mövcud tendensiya davam edərsə, bölgə həyatı təmin etmək və kənd təsərrüfatı üçün lazım olan su çatışmazlığı ilə üzləşəcək.

Dağ çaylarından asılı olan aşağı gəlirli kənd icmaları xüsusilə həssasdır. Alimlər ərimə prosesini yavaşlatmaq üçün qlobal karbon qazı emissiyalarının təcili olaraq azaldılmasını tələb edirlər. Onların fikrincə, təcili tədbirlər görülməsə, iyirmi il ərzində geri dönməz nəticələr yaranacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə