Ağ Ev: Sosial şəbəkədəki məxfi söhbət qrupuna gizli məlumatlar göndərilməyib

“Signal” sosial şəbəkəsindəki məxfi söhbət qrupuna hər hansı gizli fayl və ya məlumatlar göndərilməyib, eləcə də orada hər hansı hücum planı müzakirə edilməyib. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında yazıb.

Qeyd edək ki, ötən gün Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayn Haqes amerikalı jurnalistin təsadüfən Yəmən hücumları ilə bağlı gizli söhbət qrupuna daxil olduğunu təsdiqləyib. O deyib ki, hazırda bu faktla bağlı araşdırma aparılır.

Milli Təhlükəsizlik Şurası Ağ Evin “The Atlantic”in redaktoru Cefri Qoldberqin nömrəsinin qrupa necə əlavə edildiyini araşdırır.

Qrupa ABŞ-ın müdafiə naziri Pit Heqset, dövlət katibi Marko Rubio, vitse-prezident JD Vans, Yaxın Şərq üzrə nümayəndə Stivin Uitkoff, milli təhlükəsizlik müşaviri Maykl Vals və daxili təhlükəsizlik müşaviri Stiven Millerlə birlikdə 18 nəfər daxil olub.

Söhbətdə ABŞ-ın Yəməndəki hərbi əməliyyatları, o cümlədən silahlar, vaxt və hədəflərlə bağlı ətraflı planlar haqqında aktiv müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə