Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Leyboristlər hökuməti La-Manş boğazını kiçik qayıqlarla keçən miqrantlarla bağlı böhranı həll etmək məqsədilə sığınacaq müraciəti rədd edilən şəxslərin Balkan ölkələrinə göndərilməsi planlarını nəzərdən keçirir. SİA “The Independent”ə istinadla xəbər verir ki, müraciətləri rədd olunan şəxslər təkliflərə əsasən geri qaytarılma mərkəzlərində yerləşdiriləcək. Bu yanaşma, Mühafizəkarlar hökumətinin Ruanda planından fərqli olaraq, yalnız sığınacaq almaq hüququ olmayanlara şamil ediləcək. Ruanda planında isə kimliyindən asılı olmayaraq, kiçik qayıqlarla gələn hər kəsin Afrikadakı bu ölkəyə birbaşa göndərilməsi nəzərdə tutulurdu.

Bildirilib ki, Birləşmiş Krallıq Albaniya, Serbiya, Bosniya və Şimali Makedoniya ilə bu məsələ ilə bağlı danışıqlar apara bilər. Avropa İttifaqı ötən həftə üzv ölkələrin belə “geri qaytarılma mərkəzləri” qurmasına imkan verən təklif irəli sürüb. Bu ideya BMT-nin Miqrasiya üzrə Beynəlxalq Təşkilatı tərəfindən də dəstəklənib. Təşkilat bildirib ki, Avropa və beynəlxalq qanunvericiliyə uyğun, effektiv və innovativ geri qaytarma siyasətinin hazırlanması və tətbiqində ölkələrə məsləhət və dəstək verməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə