Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir - Türkiyə XİN rəhbərinin müavini
Minillik bir tarixə malik olan Novruz bayramının əsas ideyaları sülh, birlik və yenilənmədir. Novruz ənənələrini gələcək nəsillərə ötürmək çox vacibdir. Bu vəzifə bütün türk xalqlarının ortaq məsuliyyətidir. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci Novruz bayramı ilə əlaqədar Ankarada Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı (TÜRKSOY) tərəfindən təşkil edilən tədbirdə söyləyib.
O xatırladıb ki, BMT Baş Assambleyası 2010-cu ildə 21 martı Beynəlxalq Novruz Günü elan edərək, onun qlobal səviyyədə qeyd olunmasına çağırış edib.
B.Ekinci Novruz bayramını türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisi adlandırıb. “Tarixi və mədəni köklərə sadiq qalmaq, Türk dünyasında həmrəyliyi və birliyi gücləndirmək vacibdir. Bu məqsədə nail olacağımıza səmimi inanırıq”, - deyə nazir müavini bildirib.
O, TÜRKSOY-un türk xalqlarının tarixi, mədəniyyəti və dilinin təbliği və qorunmasında töhfəsini yüksək qiymətləndirib.
“TÜRKSOY 1993-cü ildən bəri üzərinə düşən missiyanı uğurla yerinə yetirir. Bu təşkilat türk xalqlarını birləşdirən, türk kimliyinin gücləndirilməsinə böyük töhfə verən əvəzolunmaz körpüdür”, - deyə diplomat vurğulayıb və bildirib ki, Ankara TÜRKSOY-un fəaliyyətini bundan sonra da dəstəkləyəcək.
TÜRKSOY-un Baş katibi Sultan Raev də Novruzun əhəmiyyətini qeyd edib.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın 21 martı “Türk dünyasının ortaq xatirə və bayram günü” elan etmək təşəbbüsünü yüksək qiymətləndirib və Türkiyə hakimiyyətinə TÜRKSOY-un fəaliyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə