Türkiyə Avropanın təhlükəsizliyinin təmin edilməsində əvəzolunmaz rol oynayır - Milli Təhlükəsizlik Şurası
Türkiyə Avropada təhlükəsizliyin təmin edilməsi yolunda atılacaq addımların planlaşdırılmasında əvəzolunmaz rol oynayır. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəhbərliyi altında Ankarada keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekunlarına dair yayımlanan bəyanatda qeyd olunub.
MTŞ-dən bildirilib ki, Ankara bölgədə rifahın artmasına, sülhün və sabitliyin təmin edilməsinə töhvə verməyə davam edəcək. "Ölkəmizin geosiyasi mövqeyi, silahlı qüvvələrinin gücü və müdafiə sənayesinin potensialı bu istiqamətdə atılacaq növbəti addımların əsasını təşkil edir", - deyə bəyanatda vurğulanıb.
Milli Təhlükəsizlik Şurasında Türkiyənin planetin böhran nöqtələrindəki vəziyyətə münasibəti də açıqlanıb.
Rusiya-Ukrayna müharibəsinə dair mövzuya gəlincə, bildirilib ki, Türkiyə "dialoq və diplomatik səylərin prioritet verildiyi prosesin başlanmasından məmnundur". "Ankara Ukraynada ədalətli və layiqli bir sülh sazişinə nail olmaq istiqamətində səylərini davam etdirəcək", - deyə diqqətə çatdırılıb.
Türkiyə Milli Təhlükəsizlik Şurası Suriya hadisələri ilə əlaqədar bildirib ki, Dəməşqin yeni hakimiyyətinin terror təşkilatlarının məhv edilməsi istiqamətindəki addımlarını dəstəkləməkdə qərarlıdır: Bu, "qonşu ölkədə uzunmüddətli sabitliyə töhfə verəcək”. Qeyd olunub ki, Ankara Suriyada sabitliyi pozmağa yönələn təxribat cəhdlərini diqqətlə izləyir, ölkənin ərazi bütövlüyünün qorunmasının və etnik, dini və konfesional icmalarının kimliyinin saxlanmasının tərəfdarıdır.
Ankara, həmçinin Qəzza sektorunun bərpasına töhfə verməyə hazır olduğunu bildirib və bölgədə atəşkəs rejiminin bərpa olunmasına çağırıb.
İclas iştirakçıları Bosniya və Herseqovinadakı vəziyyətə də ayrıca diqqət ayırıblar. Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında Balkan dövlətinin suverenliyi və ərazi bütövlüyünə olan dəstəyin dəyişməz olduğu vurğulanıb. "Türkiyə Bosniya və Herseqovinda vəziyyətə mənfi təsir göstərə biləcək prosesləri izləyir və bu ölkədə sabitliyin qorunması istiqamətində təşəbbüsləri dəstəkləyir", - deyə sənəddə qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə