Misir Norveçin "Scatec" şirkəti ilə enerji alqı-satqısı və 1,1 QVt gücündə günəş enerjisi stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin cənubundakı Nəcaa Hammadi yaxınlığında tikiləcək bu stansiya “Misir Alüminium” şirkət kompleksini təmiz enerji ilə təmin edəcək, onun ekoloji dayanıqlılığını gücləndirəcək. Qeyd olunur ki, 650 milyon dollar dəyərində olan bu investisiya layihəsi, həmçinin karbon emissiyalarının azaldılmasına dair beynəlxalq standartlara uyğunluğu təmin edəcək.
Öz növbəsində Norveç şirkəti mətbuata açıqlamasında bildirib ki, enerji alqı-satqısı müqaviləsi 25 il üçün nəzərdə tutulub.
Qeyd edək ki, ərəb dünyasının əhali sayına görə ən böyük dövləti olan Misir 2030-cu ilə qədər enerji sistemində bərpaolunan enerjinin payını 42%-ə çatdırmağa çalışır. Hazırda bu rəqəm təxminən 20% təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə