Zelenski Səudiyyə Ərəbistanının vəliəhdi ilə etibarlı sülhün şərtlərini müzakirə ediblər
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman Al Səud ilə görüşüb. Tərəflər Ukraynada müharibəyə son qoya biləcək, sülhü etibarlı və uzunömürlü edə biləcək addımları, şərtləri müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “Telegram” səhifəsində məlumat verib.
"Məhəmməd bin Salman Al Səud ilə müharibəyə son qoyacaq, sülhü etibarlı və uzunmüddətli edə biləcək addımları və şərtləri ətraflı müzakirə etdik. Xüsusilə, əsirlərin azad edilməsi və uşaqların geri qaytarılması məsələsini qeyd etdim ki, bu, diplomatik səylərə etimadın yaradılması üçün əsas tədbirlərdən birinə çevrilə bilər. Söhbətin əhəmiyyətli hissəsi təhlükəsizlik təminatlarının formatlarına həsr olunub", deyə, Zelenski bildirib.
Zelenski qeyd edib ki, tərəflər gündəlikdəki bütün əsas məsələləri - həm ikitərəfli, həm də digər tərəfdaşlarla müzakirə ediblər. Prezident vurğulayıb ki, Səudiyyə Ərəbistanı diplomatiya üçün çox mühüm platforma təqdim edir.
Dövlət başçısı, həmçinin əlavə edib ki, Ukrayna komandası ABŞ komandası ilə işləmək üçün Ciddədə qalacaq. İclas bu gün, martın 11-də baş tutacaq.
"Biz praktiki nəticəyə ümid edirik. Görüşdə Ukraynanın mövqeyi tamamilə konstruktiv olacaq", - deyə, Prezident qeyd edib.
Bundan əlavə, Ukrayna dövlətinin başçısı Səudiyyə Ərəbistanı vəliəhdindən Ukraynanın gələcəyinə inam sözləri eşitməyin Ukrayna üçün vacib olduğunu bildirib.
"Beynəlxalq vəziyyətə müdrik yanaşmaya və Ukraynaya verdiyi dəstəyə görə minnətdaram. Ukraynanın gələcəyinə inam sözlərini eşitmək çox vacib idi. Vəliəhd Səudiyyə Ərəbistanının iddialı iqtisadi strategiyasından danışdı və biz tərəfdaşlarımıza uğurlar arzuladıq. Biz əməkdaşlığa hazırıq. Əminik ki, ölkələrimiz və regionlarımız arasında qarşılıqlı fəaliyyət hər iki dünyaya güc verir", - deyə, Zelenski vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə