Türk Dövlətləri Təşkilatının Brüsseldə Regional Su Forumu keçirilib

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev Brüsseldə keçirilən TDT-nin Regional Su Forumunda məruzə ilə çıxış edib. Tədbir TDT, Macarıstan İxracın Təşviqi Agentliyi (HEPA) və Quraqlığın Qarşısının Alınması İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

SİA xəbər verir ki, forumda Belçika Krallığında akkreditə olunmuş TDT-yə üzv dövlətlərin diplomatik missiyalarının rəhbərləri, yüksəkvəzifəli rəsmilər, ekspertlər, eləcə də türk dövlətlərində və onların hüdudlarından kənarda su ehtiyatlarının idarə edilməsi və davamlılığı ilə bağlı aktual problemlərin həllinə maraq göstərən tərəflər iştirak edib.

Tədbirin gündəliyi regional əməkdaşlığın inkişafı, dayanıqlı su texnologiyalarının təşviqi və yaşıl inkişafa investisiya imkanlarının araşdırılması məsələlərinə yönəlib.

Kubanıçbek Omuraliyev çıxışında su çatışmazlığı və iqlim problemlərinin həllində regional əməkdaşlığın müstəsna əhəmiyyətini vurğulayıb. O, quraqlıq və digər ekoloji təhdidlərə qarşı dayanıqlılığı artırmaq üçün TDT-nin innovativ həllər və tədbirlər hazırlamaq sahəsindəki rolunu qeyd edib.

Forumda su texnologiyaları sahəsində səmərəli həllərin təmin olunmasında türk dövlətləri arasında tərəfdaşlığın rolu müzakirə edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Qlobal Yaşıl İnkişaf İnstitutu (GGGI) və digər beynəlxalq təşkilatların nümayəndələri də forumdakı müzakirələrdə fəal iştirak ediblər.

Tədbir çərçivəsində TDT-nin Quraqlığın Qarşısının Alınması İnstitutunun əməkdaşları iştirakçılara bu qurumun fəaliyyəti, məqsədləri və həyata keçirdiyi təşəbbüslər haqqında məlumat veriblər.

Forum çərçivəsində HEPA, Macarıstan Ekoloji Müəssisələr Assosiasiyası və “KEXPORT” klasteri arasında texnoloji həllərin tətbiqi və türk dövlətləri üçün potensialın artırılmasına yönəlmiş Anlaşma Memorandumu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə