Əlcəzairin siyasi partiyaları Fransanın ölkələrinə qarşı düşmənçilik kampaniyasını qınayıb

Fransa ilə Əlcəzair arasındakı böhran dərinləşir. Fransanın Baş naziri Fransua Bayrunun bir neçə gün əvvəl bəyanat verərək Əlcəzairə miqrasiya haqqında ikitərəfli müqavilələrə yenidən baxmaq üçün 6 həftə möhlət verib. Fransa tərəfi ölkədə zorakılıq hadisələrində iştirak etməkdə ittiham etdiyi Əlcəzair əsilli vətəndaşlarını deportasiya etmək və yenidən ölkəyə buraxmamaq qərarına gəlib. SİA Əlcəzair Xəbər Agentliyinə istinadla bildirir ki, bəyanat Əlcəzairdə siyasi partiyaların hiddətinə səbəb olub. Bir neçə siyasi partiya Fransanın Əlcəzairə qarşı davam edən düşmənçilik kampaniyasını qınayıb və bunu "ümidsiz şantaj cəhdi" adlandırıb. Partiyalar Əlcəzairin "heç bir güzəştə getməyəcəyini və yalnız bərabərhüquqlu münasibətləri qəbul edəcəyini" bildirib.

Parlamentə çoxluqda olan Milli Azadlıq Cəbhəsi Partiyası "Əlcəzairə düşmən olan dairələrin davam edən düşmənçilik kampaniyasını" qınadığını bir daha bəyan edib. Bəyanatda kampaniya çərçivəsində Fransa hakimiyyəti tərəfindən məhdudlaşdırıcı tədbirlər həyata keçirildiyi, xüsusilə də vizadan azad olan xüsusi səyahət sənədlərinə sahib Əlcəzair vətəndaşlarının hərəkətinə və ölkəyə girişinə məhdudiyyətlər qoyulduğu qeyd edilib. Partiya bu halları "ümidsiz intiqam tədbiri" hesab edir.

Bəyanatda vurğulanır ki, "əsassız qərarlar ikitərəfli sazişləri kobud şəkildə pozur və Fransanın Əlcəzairə qarşı gərginliyi artırmaq siyasətini davam etdirdiyini bir daha sübut edir. Fransa sağçı radikal qüvvələrin qızışdırdığı köhnə müstəmləkəçilik nifrəti ilə hərəkət edir və bu yolla qisas almağa çalışır".

Bununla yanaşı, "Milli Quruculuq Hərəkatı" partiyası da Əlcəzairin sabitliyini pozmaq, onun inkişaf yoluna mane olmaq və suveren mövqelərinə təsir etmək məqsədi güdən "misli görünməmiş və qızışdırıcı hücumu" qınayıb.

Öz növbəsində, "Nahda Hərəkatı" da Fransanın Əlcəzairə təzyiq göstərmək və orada azalan nüfuzunu bərpa etmək cəhdlərini pisləyən bəyanat yayıb. Hərəkat Əlcəzair-Fransa münasibətlərinin hazırkı vəziyyətini nəzərə alaraq, "Fransanın düşmənçilik kampaniyasına qarşı mübarizə aparmaq üçün bir sıra qərarların qəbul edilməli olduğunu" bildirib.

Əlcəzairin "Gələcək Cəbhəsi", "Xalqın Səsi" və “Milli Mübarizə Hərəkatı” siyasi təşkilatları da Fransanın ölkələrinə qarşı hərəkətlərini qınayan bəyanatlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə