Gürcüstanda fəaliyyət göstərən “Aktual Media” təşkilatı bu ölkədə yaşayan və böyük uğurlar qazanmış soydaşlarımız haqqında film çəkib. SİA xəbər verir ki, Marneulidəki Nəriman Nərimanov adına Mədəniyyət Evində "Novella" filminin təqdimatı keçirilib.
“Aktual Media” qrupunun rəhbəri, aktual.ge xəbər portalının direktoru, filmin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov bildirib ki, uzun illərdir bəzi qüvvələr Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məqsədyönlü şəkildə həqiqəti əks etdirməyən məlumatlar yayır, barələrində mənfi rəy yaradırlar. Haqlı olaraq yeni nəsil azərbaycanlılar bununla razılaşmırlar. Ona görə də “Aktual Media” komandası fəaliyyətlərində bir çox uğur qazanmış, geniş potensiala malik gənclərimiz haqqında film çəkmək qərarına gəldi. Əsas məqsəd stereotipləri dağıtmaq, azərbaycanlıların təkcə Gürcüstanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında deyil, xarici ölkələrdə də müxtəlif sahələrdə qazandıqları uğurları geniş ictimaiyyətə çatdırmaqdır.
Bildirilib ki, film Gürcüstanda yaşayan azərbaycanlı gənclərin real həyat hekayələrindən ibarətdir. Səhnə əsərində onların əzmkarlığı, uğuru və cəmiyyətə verdikləri töhfələr bu novellaların əsas süjet xəttini təşkil edir.
“Novella” – sadəcə bir film deyil, həyat hekayələrindən doğan həqiqətləri əks etdirən bədii-sənədli əsərdir.
Filmdə ilk olaraq böyük uğurlar qazanmış 6 gənc qəhrəmanın - vəkil Edda Qocayeva, Pineo klinikasının kardioloğiya şöbəsinin rəhbəri Linda Mustafayeva, pianoçu, beynəlxalq festivallar laureatı Şaban Məmmədov, rəssam Emilya Hüseynova, ingilis dili müəllimi Samirə İsmayılova və stomatoloq Məmməd Muradovun həyat yolundan bəhs olunur.
Mərasimdə çıxış edən Marneuli meri Kənan Ömərov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Kamal Xəlilov və başqaları çıxış edərək filmin əhəmiyyəti barədə danışıb, yaradıcı heyətə uğurlar arzulayıblar.
Fəaliyyət sahələrində uğur qazanmış soydaşlarımıza hədiyyələr təqdim olunub.
Filmin ssenari müəllifi Elnur Vəlizadə filmin çəkilişləri zamanı gördükləri işlər barədə məlumat verib.
Filmin çəkilişləri Gürcüstanda və Azərbaycanda aparılıb.
Sonra isə film nümayiş etdirilib.
Film Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstandakı azərbaycanlı iş adamlarının dəstəyi ilə çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə