Misirlə Körfəz ərəb ölkələri elektrik şəbəkələrini birləşdirirlər

Misirlə Körfəz ərəb ölkələri arasında elektrik enerjisi bağlantısı layihəsi uğurla həyata keçirilir. Bu çərçivədə Misiri Səudiyyə Ərəbistanının elektrik şəbəkəsi ilə bağlayacaq layihə üzrə işlərin 68 faizdən çoxu yekunlaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Misirin elektrik və bərpa olunan enerji naziri Məhəmməd İsmət bildirib.

Nazir əlavə edib ki, layihənin 1,500 MVt enerji mübadiləsi nəzərdə tutulan birinci mərhələsi tezliklə tamamlanacaq. İkinci mərhələnin isə 2025-ci ilin noyabrınadək işə salınacağı planlaşdırılıb. Gücün 3 min MVt-a çatdırılacağı gözlənilir. Nazir diqqətə çatdırıb ki, Misirlə qonşu ölkələr – İordaniya, Liviya və Sudan elektrik şəbəkələri vasitəsilə bağlanıb.

Bundan əlavə, Misir Avropa ölkələri ilə, xüsusilə Yunanıstan və İtaliya ilə elektrik bağlantı layihələrini inkişaf etdirir.

Yaşıl enerji sahəsini öz prioritetləri sırasına daxil edən Misir 2040-cı ilə qədər qlobal hidrogen bazarında öz mövqeyini möhkəmlətmək və bazarın 5-8 faizinə yiyələnmək istəyir.

Qeyd edilməlidir ki, Səudiyyə Ərəbistanı digər qonşu ərəb dövlətlərinin elektrik şəbəkələrinin bir-biri ilə bağlantı nöqtəsi sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə