Epilepsiya dünya üzrə 52 milyon insana təsir edir

"The Lancet Public Health” jurnalında dərc olunan “Qlobal Xəstəliklər, Yaralanmalar və Risk Faktorları Araşdırması 2021” (GBD 2021) epilepsiyanın dünyada ən geniş yayılmış ciddi beyin xəstəliklərindən biri olduğunu bir daha təsdiqləyir. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırmaya görə, 2021-ci ildə təxminən 52 milyon insan epilepsiya ilə yaşayırdı. 1990-cı ildən 2021-ci ilə qədər epilepsiya ilə yaşayan insanların sayında 10,8 faizlik artım qeydə alınıb ki, bu da əsasən xəstəliyin müəyyən edilməsindəki inkişaflarla əlaqələndirilir. Eyni zamanda, tədqiqat göstərir ki, epilepsiya səbəbi ilə ölüm hallarının sayı 14,5 faiz azalıb. Bunun səbəbləri tam aydın olmasa da, müalicə üsullarının təkmilləşdirilməsi və daha yüngül epileptik tutmaların vaxtında müəyyən edilməsi ilə bağlı olduğu düşünülür. Epilepsiya hər yaş qrupundan insanlara təsir edir və bu xəstəlikdən əziyyət çəkən şəxslərdə vaxtından əvvəl ölüm riski ümumi əhali ilə müqayisədə üç dəfə yüksəkdir.

Araşdırmanın əsas məqsədi idiopatik (genetik və ya naməlum mənşəli epilepsiya) və ikincili epilepsiyanın (beyindəki struktur və ya kimyəvi anormallıqlarla əlaqəli epilepsiya) qlobal yayılmasını qiymətləndirməkdir. Əldə edilən nəticələr göstərir ki, idiopatik epilepsiya yükündə ciddi coğrafi fərqlər mövcuddur. Aşağı və orta gəlirli ölkələrdə epilepsiya insidenti (82,1 faiz) və ölüm halları (84,7 faiz) yüksək gəlirli ölkələrlə müqayisədə üç-dörd dəfə çoxdur.

Tədqiqat epilepsiyanın ən yüksək yayıldığı bölgələri müəyyən etməklə məqsədyönlü tibbi və ictimai səhiyyə müdaxilələri üçün mühüm elmi baza yaradır. Bundan əlavə, epilepsiyanın qarşısının alınması və müalicə üsullarının inkişaf etdirilməsi üzrə əlavə tədqiqatlara ehtiyac olduğu vurğulanır. Xüsusilə, idiopatik epilepsiyanın inkişaf ehtimalını artıran risk faktorlarının öyrənilməsi, xəstəliyin qlobal yükünün azaldılması baxımından vacib istiqamət kimi diqqət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə