Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

ABŞ-ın Minnesota və Rokfeller universitetlərinin alimləri yalnız insanlarda (Homo sapiens) mövcud olan NOVA1 zülal variantının nitq qabiliyyətinə təsir edə biləcəyini müəyyən ediblər. SİA "euronews.com” telekanalına istinadla xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan araşdırmaya görə, bu genetik variant insan ünsiyyətinin inkişafında mühüm rol oynaya bilər.

Tədqiqat çərçivəsində, alimlər CRISPR gen redaktəsi texnologiyasından istifadə edərək siçanlarda NOVA1 zülalını yalnız insan versiyası ilə əvəzləyiblər. Nəticədə siçanların bir-biri ilə səsli ünsiyyət qurma tərzinin dəyişdiyi müşahidə olunub. İnsan variantına malik olan körpə siçanlar anaları yaxınlaşdıqda fərqli səslər çıxarıb, yetkin erkək siçanlar isə həmkarlarından fərqli səsləniblər. Bu, NOVA1-in danışıq qabiliyyətinin inkişafında əhəmiyyətli rol oynadığını göstərir.

Tədqiqatçı Robert Darnell bildirib ki, NOVA1 yalnız müasir insanlarda mövcuddur, Neandertallarla paylaşılan FOXP2 genindən fərqli olaraq bu isə onu Homo sapiensin dominant növ kimi formalaşmasına təsir edən genlərdən biri edə bilər.

Alimlər hesab edirlər ki, bu kəşf nitq və dil pozğunluqlarının erkən diaqnostikası və müalicəsi üçün yeni imkanlar aça bilər. Minnesota Universitetindən Liza Finestack bildirib ki, bu tapıntılar gələcəkdə nitq inkişafında problemlər yaşayan insanlara kömək edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə