Çində rüşvət alan bankir ölüm cəzasına məhkum edilib

Çinin Hancou şəhər məhkəməsi Sənaye və Kommersiya Bankının (ICBC) sabiq vitse-prezidenti Can Honqlini rüşvət almaqda təqsirli bilərək, 2 illik möhlətlə edam cəzasına məhkum edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məhkəmə prosesində sabiq bankirin 2011-2022-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən səlahiyyətlərindən sui-istifadə etməklə, bəzi şirkətlərin və fərdi şəxslərin qanunsuz yollarla mənfəət əldə etməsinə şərait yaratdığı bildirilib. O, həmin işlərin qarşılığında 177 milyon yuan (təxminən 24,4 milyon ABŞ dolları) dəyərində bahalı hədiyyə və nağd pulu rüşvət kimi alıb.

Can Honqli istintaqın gedişində cinayətini etiraf edib, habelə istintaqa məlum olmayan rüşvət faktlarını könüllü açıqlayıb. O, cinayət yolu ilə əldə etdiyi qazancı geri qaytarıb. Məhkəmə sabiq bankirin şəxsi əmlakının müsadirə olunmasına da qərar verib.

Qeyd edək ki, bankın sabiq vitse-prezidenti haqqında araşdırma 2023-cü ilin noyabrında başlayıb. Çin Kommunist Partiyası sıralarından xaric edilən sabiq bankirə qarşı ötən ilin yanvarında prokurorluq rəsmi ittiham irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə