Rusiya sanksiyalarının ləğvi məsələsini qaldırmayıb...

Rusiya Ukraynada nizamlanmaya dair danışıqlar kontekstində anti-Rusiya sanksiyalarının ləğvi məsələsini qaldırmayıb. SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirlərinin Yohannesburqda keçirilən görüşünün yekunları üzrə deyib.

...Biz bu mövzuya toxunmuruq. Biz ondan çıxış edirik ki, bu cür hərəkətlər Qərbin özünün qlobal iqtisadiyyatda qoyduğu bütün prinsiplərin kobud şəkildə pozulmasıdır, - diplomat izah edib.

Lavrov həmçinin qeyd edib ki, Ukraynada münaqişə başlayandan sonra Qərb ölkələri Rusiyanın aktivlərini açıq şəkildə oğurlayıblar.

Nazirin sözlərinə görə, “bu, biabırçılıqdır”, çünki aktivlər nəinki oğurlanıb, həm də faizlər “ukraynalıların əlləri ilə Rusiyaya qarşı müharibəni maliyyələşdirməyə davam etmək” üçün istifadə edilib.

Fevralın 18-də ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Ukrayna münaqişəsi həll edildikdən sonra Rusiyaya qarşı son vaxtlar Qərb dövlətləri tərəfindən tətbiq edilən sanksiyaların bir qismi ləğv edilə bilər.

O izah edib ki, əgər tədbirlərin tətbiq edilməsinin səbəbi aradan qalxarsa, o zaman məhdudiyyətlər aradan qaldırılmalı və sövdələşmənin bağlanması üçün bütün tərəflər güzəştə getməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə