Bu yandan 8 uşaq doğun deyir, o yandan da doğum evlərini bağladır..?

Müharibəyə pul ayırmaq üçün Rusiyada bir il ərzində 160 xəstəxana bağlanıb...

...Rusiya hakimiyyəti hər üçüncü rublun orduya və müharibəyə getdiyi tibbi büdcə xərclərinin azalması fonunda səhiyyədə yeni “optimallaşdırma” dalğasına başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, 2024-cü ilin sonuna qədər Rusiya Federasiyasının müxtəlif bölgələrində ən azı 160 dövlət xəstəxanası, klinika, tibb məntəqəsi, dispanser, doğum evləri və digər tibb müəssisəsi ləğv edilib.

Xəstəxanaların bağlanma sürəti əvvəlki illərlə müqayisədə 5 dəfədən çox artıb: Hesablama Palatasının məlumatına görə, 2021-ci ildən 2023-cü ilin oktyabrınadək Rusiyada 88 xəstəxana, yəni ildə orta hesabla təxminən 30 xəstəxana bağlanıb.

Deyilənlərə görə, ən çox keçən il kənd tibb müəssisələri bağlanıb. Belə ki, yaxınlıqda yerləşən kiçik qəsəbələrdən yüzlərlə insana xidmət göstərən 25 rayon və rayonlararası xəstəxana fəaliyyətini dayandırıb.

Ən azı 15 feldşer-mama məntəqəsi və kənd ambulatoriyası da ləğv edilib.

Vladimir Putinin 8 uşaq dünyaya gətirmək çağırışlarına və Kremlin “Ailə ili” elan etməsinə baxmayaraq, bir il ərzində ölkə üzrə 18 doğum evi, perinatal mərkəz və ginekoloji şöbə bağlanıb.

Deyilənlərə görə, prezident Vladimir Putinin kürəkəni adlandırılan Sergey Tsivilev bir il əvvəl Kemerovo vilayətinin qubernatoru olarkən (2024-cü ilin mayında energetika naziri təyin edilib –A.B.) yaşayış binalarının birinci mərtəbələrində yerləşən bütün klinikaların ləğvi barədə göstəriş verib.

Onların dəqiq sayı məlum deyil, ona görə də qapalı tibb müəssisələrinin ümumi sayına daxil edilmir.

…Ən çox sayda iri multidissiplinar xəstəxanalar Dağıstanda bağlanıb. Burada 4 mərkəzi rayon xəstəxanası, 4 rayon xəstəxanası və daha 2 kənd tibb məntəqəsi ləğv edilib. Respublikanın 10 minə qədər əhalinin yaşadığı bir sıra iri kəndlərində rayon xəstəxanaları 24 saatlıq xəstəxanası olmayan ambulator müalicə məntəqələrinə çevrilmiş, bir neçəsində isə tamamilə bağlanmış və sakinləri xəstəxanalara çatmaq üçün 20-30 km yol qət etməli olurlar.

Qeyd edək ki, Putinin 2018-ci ildə rusların orta ömrünü 80 yaşa qədər artıracağını vəd etdiyi “Səhiyyə” milli layihəsinə xərclərin kəskin azalmasından sonra regional xəstəxanaları “optimallaşdırma” dalğası bürüdü. 2024-cü ildə layihə üçün büdcə xərcləri 10 faiz - 321,3 milyard rubldan 289,9 milyard rubla qədər azaldıldı.

“İlkin səhiyyə xidmətinin modernləşdirilməsi” federal layihəsinin maliyyələşdirilməsi 14 faiz, uşaq təbabətinin maliyyələşdirilməsi iki dəfə, ilkin səhiyyə xidmətinin maliyyələşdirilməsi isə 20 faiz azaldılıb.

…Və xatırladaq ki, 2025-ci il üçün hökumət büdcəyə bir sıra tibbi federal layihələr üzrə xərclərin əlavə sekvestri daxil edib: məsələn, "Səhiyyə infrastrukturunun inkişafı" layihəsi üçdə bir azalacaq - 58,7 milyarddan 36,4 milyard rubla, "Ürək-damar xəstəlikləri ilə mübarizə" layihəsi üçün əvvəlki il 20,4 milyard rubla qarşı bu il 11,5 milyard rubl ayrıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə