Meksika prezidenti “Google”ı məhkəməyə verməklə hədələyib...

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-də istifadə olunan “Google” xəritə tətbiqində “Meksika körfəzi” adının “Amerika körfəzi” olaraq dəyişdirildiyini əsas gətirərək şirkəti məhkəməyə verməklə hədələdi.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında çıxış edən Şeynbaum “Google”un baş icraçı direktoru (CEO) Sundar Piçaiyə bu məsələ ilə bağlı məktub göndərdiyini xatırladaraq bölgənin düzgün şəkildə adlandırılmasını tələb etdiyini, lakin aldığı cavabdan narazı qaldığını bildirdi. O, “Hazırda “Google” ilə bir mübahisəmiz var. Onlar məktuba cavab verdilər, biz də yenidən cavab göndərdik. Lazım gələrsə, hüquqi addımlar atacağıq. Çünki “Google” ABŞ-da ‘Amerika körfəzi’ ifadəsini işlədərkən, digər bölgələrdə ‘Meksika körfəzi’ adını göstərdiyini iddia edir” deyə vurğuladı.

“Google”un səhv etdiyini bildirən Şeynbaum “ABŞ prezidenti Donald Tramp belə Meksika körfəzinin tamamını ‘Amerika körfəzi’ adlandırmağı təklif etməmişdi, yalnız qitə şelfinə aid bir adlandırma etmişdi. Buna görə də “Google” səhv edir. Təkid etməyə davam edərlərsə, məhkəməyə müraciət etməyi düşünürük. Çünki hətta Meksikaya aid qitə şelfində də ad dəyişikliyi edirlər. Prosesi diqqətlə izləyirik və hüquq departamentimiz atılacaq addımları qiymətləndirir” deyə əlavə etdi.

Qeyd edək ki, “Google” Trampın göstərişinə uyğun olaraq ABŞ-də istifadə olunan xəritə tətbiqində “Meksika körfəzi” adını “Amerika körfəzi” olaraq dəyişdirdiyini elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə