İrəvan hələ ki, heç bir əməli addım atılmayıb

Türkiyəli ekspert: Paşinyanın ziddiyyətli bəyanatı Ankara ilə aparılan danışıqlara zərbə vurur

Ermənistan Baş naziri Nikol Paşinyanın ziddiyyətli bəyanatları İrəvanla Ankara arasında münasibətlərin normallaşması üzrə səyləri təhlükə altına alır. Ermənistan rəhbərliyinin bəyanatlarına baxmayaraq, İrəvanda bu günə qədər Ankara ilə etibarlı mühitin formalaşdırılması yolunda heç bir əməli addım atılmayıb.

SİA xəbər verir ki, bu fikirləri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) şərhçisi Tuğce Tecimer səsləndirib.

T.Tecimer nümunə olaraq Nikol Paşinyanın bu günlərdə İsveçrədə səsləndirdiyi bəyanatını səsləndirib. Belə ki, erməni Baş nazir orada qondarma erməni soyqırımının “təkrar araşdırılması məsələsinin zəruriliyindən” danışıb. Lakin onun bu fikirləri sərt tənqidlərə tuş gələn kimi dərhal bəyan edib ki, “soyqırım” məsələsinə sadiqdir.

“İrəvanın üzdə bir-birini təkzib edən ritorikası regionda dialoqun inkişafına töhfə vermir”, - deyə türkiyəli ekspert qeyd edib.

Onun sözlərinə görə, Ankara ilə münasibətlərin normallaşdırılması istiqamətində Ermənistan hakimiyyətinin atdığı yeganə konkret addım Türkiyə ilə sərhəddə sərhəd-keçid məntəqəsinin təmir edilməsidir. AVİM-in şərhçisi vurğulayıb ki, Paşinyanın analoji ziddiyyətli mövqeyi Azərbaycanla dialoqda da özünü göstərir: “Rəsmi Bakının Ermənistan konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələblərinə cavab olaraq, Paşinyan administrasiyası sülh sazişinin imzalanacağı günü yaxınlaşdırmaq üçün tədbirlər görmür. İrəvan rəsmiləri müxtəlif bəyanatlarla çıxış edirlər, lakin vəziyyət dəyişilməz olaraq qalır”.

Türkiyəli ekspert daha sonra qeyd edib ki, erməni diasporları və Qərbin bəzi dairələri tərəfindən dəstəklənən Ermənistanın siyasətçilərinin radikal bəyanatları ikitərəfli və regional dialoqun inkişafı planlarına mənfi təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə