Almaniyada ixracın və sənaye istehsalının həcmində azalma qeydə alınıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, keçən il “Made in Germany” brendi ilə ümumilikdə 1 trilyon 559,7 milyard avro dəyərində məhsul ixrac edilib. Bu, bir il əvvəlki rəqəmlə müqayisədə 1 faiz azdır. Azalmanın əsas səbəbi Çindən gələn tələbin aşağı düşməsidir.
Mənfi tendensiya sənaye istehsalında daha çox olub, ötən il 2023-cü illə müqayisədə 4,5 faiz azalma qeydə alınıb. Avtomobil və maşınqayırma sektorlarında istehsal həcmi dekabrda 10 faiz aşağı düşüb. Bunun əksinə, dərman sektorunda 11 faiz artım baş verib.
İlin sonuncu ayında ixracatda az da olsa, müsbət nəticə qeydə alınıb. Belə ki, dekabrda ixracat əvvəlki ayla müqayisədə 2,9 faiz artıb. Artım əsasən, Avropa İttifaqı ölkələri ilə ticarətdə müşahidə olunub. Bu ölkələrə ixracat noyabrla müqayisədə 5,9 faiz artıb.
Ötən il Almaniyanın ən çox məhsul ixrac etdiyi ölkə 2016-cı ildən sonra ilk dəfə ABŞ olub. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 255,4 milyard avro təşkil edib. Almaniyanın Birləşmiş Ştatlara ixracında müsbət saldo isə ötən il rekord səviyyəyə - 71,4 milyard avroya çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə