Merkel siyasi partiyalara mübahisə əvəzinə müzakirə təklif edir

“Seçkilərdən sonra yenidən uzlaşmanın təmin oluna biləcəyi şərait formalaşdırılmalıdır. Ümid edirəm ki, bu, mümkün olacaq”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın sabiq Kansleri Angela Merkel “Zeit” qəzetinin təşkil etdiyi tədbirdə çıxışı zamanı bildirib. O, seçkilərin yaxınlaşdığı bir şəraitdə siyasi partiyalara gərginlik əvəzinə müzakirələr aparmaq barədə çağırış edib.

Merkel ötən həftə Bundestaqda keçirilən səsvermə və aparılan gərgin müzakirələrdən sonra demokratik partiyalar arasında qütbləşmənin müşahidə olunduğunu vurğulayıb. Hazırda heç bir siyasi qrupun seçkilərdə mütləq çoxluğa nail olmasının mümkün görünmədiyini qeyd edən Angela Merkel bildirib ki, bu, demokratik partiyaların yenidən bir-biri ilə müzakirələr aparmaq məcburiyyətində qalacağını göstərir.

Qeyd edək ki, ötən həftə Xristian Birlik (CDU/CSU) partiyalarının Kansler vəzifəsinə namizədi Fridrix Merts miqrasiya siyasətinin sərtləşdirilməsinə dair təkliflərini və qanun layihəsini Bundestaqda səsverməyə təqdim etmişdi. AfD səsvermədən əvvəl təklifin və qanun layihəsinin lehinə səs verəcəyini açıqlamışdı. Fridrix Mertsin əvvəllər dəfələrlə verdiyi açıqlamaların əksinə, AfD ilə əməkdaşlıqdan imtina etməməsi ciddi müzakirələrə yol açmışdı. Səsvermədə təklif qəbul edilsə də, qanun layihəsi qəbul olunmadı. Angela Merkel isə açıqlama verərək Fridrix Mertsin bu addımının yanlış olduğunu açıqlamışdı.

Sabiq Kansler AfD-nin güclənməsinin CDU ilə CSU arasında miqrasiya siyasətinə dair anlaşmazlıqların nəticəsi olduğunu qeyd edib. “Bu qədər mübahisə etməyimiz doğru deyildi”, - deyən sabiq Kansler vurğulayıb ki, AfD daha sonra koronavirusla bağlı tədbirləri sərt tənqid edərək dəstək qazanmağa nail oldu. “Vəzifədən ayrıldıqda AfD 11 faiz səviyyəsində idi. Ancaq indi 20 faizə çatması mənim məsuliyyətim deyil”, - deyə Angela Merkel vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə