Brüssel metropoliteninin Klemanso stansiyası ərazisində bir neçə nəfər odlu silahlardan atəş açıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, polisin “Het Laatste Nieuws” nəşrinə verdiyi məlumata görə, iki və ya üç şübhəli şəxsin axtarışları davam edir.
Brüssel polisinin mətbuat katibi Sara Frederiks bəyan edib ki, şübhəlilər metroda gizləniblər və ola bilsin ki, hələ də oradadırlar. İlkin məlumatlara görə, atışma nəticəsində heç kim xəsarət almayıb. Hadisənin narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə əlaqəli olduğu ehtimal edilir.
Mətbuatda verilən məlumata görə, metro stansiyasında bir neçə giliz aşkar edilib. Kalaşnikov avtomatından atəş açıldığı ilə bağlı ehtimallar var. Atışmadan sonra şübhəlilərin metro tunellərində gizləndikləri bildirilir.
Təhlükəsizliyin təmin edilməsi üçün Brüssel metropoliteninin bir neçə stansiyası bağlı qalacaq. Polis ərazidə axtarış aparır, şahidlərin ifadələri alınır.
Bütün xəbərlər Facebook səhifəmizdə