Atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar başlayır

HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara başlandığını açıqlayıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, HƏMAS-ın sözçüsü Əbdüllətif Kanu qeyd edib ki, hazırkı mərhələdə onlar fələstinlilərin yaşayış yeri və yenidən qurulmasında maraqlıdırlar.

"Atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlara başlandığını" bildirən Kanu İsrailin sazişin humanitar məsələ ilə bağlı protokola mane olmaq və icrasını gecikdirmək üçün cəhd etdiyini vurğulayıb.

Sığınacaq və yardımın Fələstin xalqı üçün təcili humanitar məsələ olduğunu qeyd edən Kanu "Xalqımız işğalçı qüvvələrin bunun gecikdirilməsinə və maneə törədilməsinə dözə bilməz. Bu kütləvi dağıntıdan sonra xəstəxanaların qurulması, yolların və su quyularının bərpası Qəzzanı yenidən həyata qaytaracaq" deyib.

İordan çayının qərb sahilindəki hadisələrə toxunan Kanu onu da vurğulayıb ki, fələstinlilərin özlərini müdafiə etmək haqqı var, Tubasın şərqindəki Təyasir keçid məntəqəsindəki əməliyyat İordan çayının qərb sahilində artan təcavüzə qarşı həyata keçirilib. İşğal qüvvələrinin məsuliyyətə cəlb edilməməsi və beynəlxalq susqunluq İsraili Qəzza zolağından sonra qırğın müharibəsinə sövq edir.

İsrailin Qəzza və İordan çayının qərb sahilində fələstinliləri haqqlarından məhrum etmə səylərinin nəticəsiz qalacağını bildirən HƏMAS sözçüsü Qəzzada uğursuzluğa düçar olan İsrailin İordan çayının qərb sahilində də mütləq uğur qazana bilməyəcəyini bildirib və "Müharibə iradə savaşıdır" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə