Türkiyənin ilk məscidi Həbib Nəccar bərpa olunur

Türkiyənin Hatay əyalətində tarixi Həbib Nəccar məscidində bərpa işləri davam edir. 2023-cü ilin 6 fevral zəlzələsi zamanı məscidə ciddi ziyan dəymişdi.

SİA bildirir ki, AZƏRTAC-ın müxbiri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yanında Vəqflər Baş İdarəsinin nəzarəti altında həyata keçirilən bərpa işlərinin aparıldığı əraziyə baş çəkib.

Həbib Nəccar məscidi 638-ci ildə müasir Türkiyənin cənubunda müsəlman-ərəblər tərəfindən əsası qoyulan ilk məscid hesab olunur.

Vəqflər Baş İdarəsinin Hatay əyaləti şöbəsinin rəhbəri Adəm Bozkurt bildirib ki, rəvayətə görə, tarixi məscidin yerində eramızın 40-cı illərində xristianlığın ilk davamçılarından biri tərəfindən inşa edilmiş kilsə yerləşib.

Xristian missioneri dülgər Həbib Nəccar yerli sakinlərin qəzəbinə tuş gələrək öldürülüb və hazırda məscidin yerləşdiyi ərazidə dəfn edilib.

Həbib Nəccar məscidində bərpa işlərinin iyulun 7-nə – Hatayın Türkiyəyə birləşdirilməsinin növbəti ildönümünə qədər başa çatdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə