Türkiyədə zəlzələ nəticəsində dağılmış dini obyektlər bərpa edilir

2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağılmış yaşayış və ticarət binaları ilə yanaşı, dini obyektlərin bərpası prosesi də davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir sıra məscid və kilsələrin bərpası və restavrasiyası üzrə layihələr həyata keçirilir.

Fevralın 3-də bir qrup jurnalist Adıyaman şəhərində bu cür iki tikinti sahəsinə baş çəkiblər. Onlar tarixi “Ulu cami” məscidi və “Mor Petrus” Assiriya kilsəsinin bərpa olunması layihələri ilə bağlı məlumatlandırılıblar.

Türkiyə vəqflər baş idarəsinin Sənət əsərləri şöbəsinin rəhbəri Şengül Koncagül bildirib ki, hər iki dini obyekt iki il əvvəl güclü zəlzələ nəticəsində dağılıb. Bununla bağlı hökumət tarixi görünüşünü qorumaqla XVII əsrə aid “Ulu cami” məscidini və XIX əsrə aid Assiriya kilsəsini bərpa etməyə qərar verib.

“Restavrasiya işlərinə məşhur incəsənətşünaslar və memarlar cəlb olunublar. Torpaqdan analiz götürülüb, tikinti materiallarının seçimi və sütunun bərkidilməsi ilə bağlı qərar qəbul olunub. Cari ilin sonuna kimi işlərin təhvil verilməsi planlaşdırılıb”, - deyə o qeyd edib.

Assiriya provoslav kilsəsinin metropoliti Qriqoris Melki Ürek bərpa işləri ilə bağlı minnətdarlığını bildirib.

Onun sözlərinə görə, kiçik xristian icması “Mor Petrus” məbədinin tezliklə bərpa olunmasına ümid edir.

Bütün xəbərlər Facebook səhifəmizdə