Əhməd Şara Türkiyəyə səfər edəcək

Fəxrəddin Altun səfər ilə bağlı sosial media hesabında paylaşım edib

Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Şara prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4 fevral çərşənbə axşamı Türkiyəyə gələcək.

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Şaranın səfəri ilə bağlı sosial media hesabında paylaşım edərək "Suriya azadlığına qovuşduqdan sonra yenidən qurulan iki ölkə münasibətlərinin cənab Əhməd Şara və heyətinin səfəri ilə güclənəcəyinə və yeni bir mərhələyə qədəm qoyacağına inanırıq" ifadəsini işlədib.

Paytaxt Ankarada Prezident İqamətgahında baş tutacaq görüşlərdə Suriyadakı son proseslərin bütün aspektləri ilə müzakirə ediləcəyini bildirən Altun bunları qeyd edib: "Ölkədə iqtisadi bərpa, dayanıqlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün iki tərəfin birgə atacağı addımlar dəyərləndiriləcək. Görüşlərdə keçid dövrü administrasiyasına və Suriya xalqına çoxtərəfli platformalarda verilə biləcək dəstəklər də müzakirə olunacaq. Suriya azadlığına qovuşduqdan sonra yenidən qurulan Türkiyə-Suriya münasibətlərinin cənab Əhməd Şara və heyətinin səfəri ilə güclənəcəyinə və yeni bir mərhələyə qədəm qoyacağına inanırıq."

Bütün xəbərlər Facebook səhifəmizdə