Bu ölkədə daha güclü zəlzələ və sunami gözlənilir

Yunanıstanın Santorini adasında yüzlərlə seysmik təkan qeydə alındıqdan sonra xilasedici qruplar və çadırlar göndərilib. SİA xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazır.

“Sunamiyə səbəb ola biləcək daha güclü zəlzələ qorxusu fonunda insanlara sahil zolağından və tərk edilmiş binalardan qaçmaq tövsiyə olunub”, - nəşr yazır.

Yerli mülki müdafiə nazirliyi məktəblərin fevralın 3-də bağlanacağını bildirib.

"Heç bir şeyi istisna etmək olmaz. Bu səbəbdən qabaqlayıcı tədbirlər görülür", - Saloniki Aristotel Universitetinin geofizika professoru Kostas Papazachos qeyd edib.

Son 48 saat ərzində 200-dən çox təkan qeydə alınıb. Bir çox zəlzələlərin gücü 4-4,5 bal arasında dəyişib.

Tədqiqatlar göstərib ki, Santorini ətrafındakı yer qabığı qırılma xətləri ilə doludur. 1956-cı ildə sunamiyə səbəb olan zəlzələdən sonra ada ciddi ziyan görüb.

Yanvarın 28-də Oreqon sahillərindən 480 kilometr aralıda yerləşən Axial Mountain sualtı vulkanında qaçılmaz püskürmə əlamətlərinin olduğu bildirildi. 1997-ci ildən vulkanı izləyən alimlər 2025-ci ilin sonuna qədər püskürmənin baş verəcəyini proqnozlaşdırırlar. Bu hadisə insanlar üçün təhlükə olmasa da, vulkanik fəaliyyətin öyrənilməsi üçün unikal məlumatlar verə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə