Fələstinin Qəzzaya nəzarəti bərqərar edilməlidir...

Qəzza zolağı Fələstin ərazilərinin bir hissəsidir və buna görə də Fələstin Muxtariyyətinin nəzarəti altına keçməlidir.

SİA-nın məlumatına görə, TASS xəbər verir ki, beş ərəb ölkəsinin xarici işlər nazirləri Qahirədə keçirilən görüşdən sonra Fələstinin regiona nəzarət hüququnu tanıyıblar.

İclasda Misir, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xarici işlər nazirləri iştirak ediblər.

Onlardan başqa, tədbirdə Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin baş katibi də iştirak edib.

...Biz Fələstin Administrasiyasının İordan çayının qərb sahili və Şərqi Qüds qədər Fələstin ərazilərinin bir hissəsi olan Qəzza zolağında da öz öhdəliklərini yerinə yetirə bilməsi üçün çalışacağıq.

Bunu xarici işlər nazirləri bəyanatda bildiriblər.

Onlar belə bir addımın beynəlxalq ictimaiyyətə humanitar fəlakətin nəticələrinin öhdəsindən gəlməyə imkan verəcəyini vurğulayıblar.

Diplomatik nümayəndəliklərin başçıları əlavə ediblər ki, ya məskunlaşma fəaliyyətinin artırılması, ya ərazilərin ilhaqı, ya da təxliyyə bəhanəsi ilə fələstinlilərin hüquqlarının, o cümlədən torpaq hüquqlarının pozulmasını qəbuledilməz hesab edirlər. Onların fikrincə, bu cür hərəkətlər regionda sabitliyi təhdid edir və Yaxın Şərqdə yaşayan xalqların dinc yanaşı yaşamasına xələl gətirir.

Bundan əvvəl Fələstin muxtariyyətinin baş naziri Məhəmməd Mustafa ABŞ və Səudiyyə Ərəbistanının köməyi ilə Qəzza zolağının yenidən qurulacağına söz vermişdi. Mustafanın sözlərinə görə, Qəzzanın yenidən qurulması yeni regional nizam üçün zəmin yaradacaq, çünki bu, İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin normallaşdırılmasını əhatə edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə