“Amerika körfəzi”: “Google” nə üçün ABŞ-dakı xəritələrə düzəliş edir?

“Google Maps” xidmətində ABŞ-dan olan istifadəçilər xəritədə Meksika körfəzi əvəzinə “Amerika körfəzi”, Denali dağı əvəzinə isə “Mak-Kinli dağı” coğrafi adlarına rast gələcəklər. Bu yenilik ABŞ Prezidenti Donald Trampın müvafiq fərmanı qüvvəyə mindikdən sonra tətbiq ediləcək.

SİA xəbər verir ki, bu barədə “Google” şirkətindən məlumat verilib.

Bildirilib ki, şirkət rəsmi dövlət mənbələrinə daxil edildikdən sonra yeni adlardan istifadə etməklə bağlı mövcud təcrübəyə sadiq qalacaq. İndiki halda söhbət coğrafi adların məlumat sistemindən (GNIS) gedir.

“Baş verəndən sonra biz tez bir zamanda ABŞ-dakı “Google Maps” xidmətini yeniləyəcəyik ki, Mak-Kinli dağı və Amerika körfəzi xəritədə görünsün”, - deyə şirkətin məlumatında qeyd olunub.

Bundan əvvəl məlum olub ki, Meksika körfəzinin və Alyaskadakı Denali dağının adının dəyişdirilməsi haqqında fərmanı Tramp ikinci prezidentlik dövrünün ilk günündə imzalayıb. Öz növbəsində, Meksika Prezidenti Klaudiya Şeynbaum Trampın bu istəyilə bağlı ilk bəyanatından sonra Şimali Amerikanı “Meksika Amerikası”na dəyişməyi təklif etmişdi. Çünki 1814-cü ildə Meksika Konstitusiyasından əvvəl qəbul edilmiş sənəddə Şimali Amerika məhz bu cür adlandırılıb.

Eyni zamanda, “Google” şirkətinin bəyanatında vurğulanıb ki, Meksikadan olan istifadəçilər xəritədə ölkələrində qəbul edilmiş körfəzin əvvəlki adını görəcəklər. Çünki rəsmi adlar ölkələrə görə dəyişəndə digər dövlətlərin istifadəçiləri hər iki adı görürlər.

Obyektlərin adlarının hansı ardıcıllıqla göstəriləcəyi ilə bağlı “Google” dəqiq məlumat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə