Suriyada yeni administrasiyanın başçısı Əhməd Şaraa keçid dövrünün prezidenti elan edilib.
SİA xəbər verir ki, Suriya Xəbər Agentliyi – SANA-nın məlumatına görə, Ə.Şaraa, xarici işlər naziri Əsəd Həsən Şeybani və ölkənin hərbi qrupları nümayəndələrinin iştirakı ilə Qələbə Konfransı keçirilib.
Tədbirdə çıxış edən Şaraa deyib: "Allahın köməyilə zəncirləri qırdıq, məzlumları azad etdik və paytaxt Dəməşqdən rüsvayçılıq və zillət tozunu silkələdik. Suriyanın günəşi yenidən doğdu.
Bu gün Suriyanın prioritetləri hakimiyyət boşluğunu doldurmaq, daxili sülhü bərpa etmək, dövlət institutları yaratmaq, iqtisadi inkişaf infrastrukturu qurmaq, Suriyanın beynəlxalq və regional nüfuzunu geri qaytarmaqdır.
Biz Suriya xalqının gözləntilərini əks etdirən bir kimlik yaratmağı bacardıq”.
Qələbə kofransında Suriya Xarici işlər naziri Ə.H.Şeybani də çıxış edərək bunları söyləyib: “Suriya xarici siyasətinin əsas məqsədi qarşılıqlı əməkdaşlıq, hörmət və strateji ortaqlığa əsaslanan regional və beynəlxalq mühitin yaradılmasına töhfə verməkdir”.
Hərbi Əməliyyat Müdirliyinin mətbuat katibi polkovnik Həsən Əbdülqəni tədbirdə yekun bəyannaməni oxuyub. O, keçid dövründə Əhməd Şaraanı Suriya prezidenti elan etdiklərini və onun ölkəni beynəlxalq platformalarda təmsil edəcəyini açıqlayıb.
2012-ci il konstitusiyasının ləğv edildiyini söyləyən Əbdülqəni devrilmiş Bəşər Əsəd rejiminə bağlı ordu, təhlükəsizlik birlikləri və parlamentin buraxıldığını da bildirib.
Xatırladaq ki, polkovnik Həsən Əbdülqani 2024-cü il dekabrın 8-i - Baas rejimi devrildiyi günü Suriyanın Milli Bayramı elan edib və “Baas Partiyası və ona bağlı olan bütün komitə, komissiya, qurum və təşkilatları heç vaxt bərpa olunmamaqla ləğv edirik” deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə