...Vladimir Putin Rusiyanın müharibə dövründəki iqtisadiyyatındakı problemlərdən getdikcə daha çox narahat olur. Bu, ABŞ prezidenti Donald Trampın Ukrayna ilə müharibəni dayandırmaqda israrlı olduğu və yeni sanksiyalar vəd etdiyi bir vaxta təsadüf edir.
SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir.
...Kremlin təfəkkürü ilə tanış olan iki mənbəyə görə, Rusiya iqtisadiyyatının qiymətləndirilməsi Rusiya elitasının bəzi hissələri arasında müharibənin danışıqlar yolu ilə həllinin arzuolunan olduğu fikrini formalaşdırmağa kömək edib.
Xatırlayırsınızsa, Tramp müharibəni tez bitirəcəyinə söz verib.
Onu da qeyd edək ki, bu həftə o, Putinin danışıqlara getməyəcəyi təqdirdə Rusiyaya qarşı əlavə sanksiyaların və tariflərin tətbiq olunacağını deyib. Bundan əlavə, o, Rusiyanın iqtisadi baxımdan “böyük problemlərə” doğru getdiyini də deyib.
Trampın inauqurasiyasına bir neçə gün qalmış ABŞ prezidenti Cozef Bayden administrasiyası Rusiyanın neft və qaz gəlirlərini hədəf alan ən geniş sanksiyalar paketini tətbiq edib. Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan deyib ki, bu, Rusiyaya iqtisadi təzyiq göstərməklə Trampa istənilən danışıqlarda rıçaq verəcək.
...Yeri glmişkən, ötən il Rusiya müharibənin ilk günlərindən bəri ən mühüm ərazi uğurlarını əldə edib və hazırda Ukraynanın demək olar ki, beşdə birinə nəzarət edir.
Kremlin təfəkkürü ilə tanış olan mənbənin sözlərinə görə, Putin hesab edir ki, müharibənin əsas məqsədlərinə, o cümlədən materik Rusiyanı Krımla birləşdirən əraziyə nəzarət və Ukrayna ordusunun zəiflədilməsi də daxil olmaqla, artıq nail olunub.
Mənbə yüksək faiz dərəcələrinin qeyri-hərbi biznesə və sənayeyə təsiri kimi “həqiqətən də böyük problemlərə” istinad edərək deyib ki, Putin müharibənin iqtisadiyyata vurduğu təzyiqdən də xəbərdardır.
...Yenə də yeri gəlmişkən, Rusiya müdafiə xərclərini bu il ÜDM-in 6,3 faizi olmaqla postsovet məkanında ən yüksək həddə çatdırıb və büdcə xərclərinin üçdə birini təşkil edib. Müharibə vaxtı işçi qüvvəsi çatışmazlığı ilə birlikdə bu, maaşların artmasına səbəb olub.
Bundan əlavə, hökumət büdcə kəsirini azaltmaq üçün vergi daxilolmalarını artırmağa çalışıb. Neft, qaz və mineral ixracı ilə idarə olunan Rusiya iqtisadiyyatı, Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Qərbin bir neçə dəfə tətbiq etdiyi sanksiyalara baxmayaraq, son iki ildə inkişaf edib..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə