“Yunanıstan ilə Türkiyə arasındakı müsbət gündəmi dəyərləndirməliyik”

Yunanıstanın iqtisadi diplomatiyadan məsul yeni Xarici işlər nazirinin müavini Tasos Hacivasiliu sələfi Kostas Franqoyannisin vəzifədə olduğu müddətdə Yunanıstan ilə Türkiyə arasında müsbət gündəm üzərində görülən işləri davam etdirmək niyyətində olduğunu bildirib.

SİA-nın məlumatına görə, keçən həftə vəzifəsindən istefa verən Franqoyannis dünən keçirilən mərasimdə vəzifəsini Hacivasiliuya təhvil verib.

Yeni nazir muavini Franqoyannisə müraciət edərək belə deyib: “Hörmətli Kostas bu 5,5 il ərzində əldə etdiyiniz uğurlardan davam etdirmək istədiyim bəzi təşəbbüsləri xüsusilə vurğulamaq istəyirəm. Hər şeydən öncə, çox vaxt və enerji sərf etdiyimiz Yunanıstan ilə Türkiyə arasındakı müsbət gündəmi dəyərləndirməliyik. Bu, qonşular arasında mühüm bir ünsiyyət körpüsü rolunu oynayır və burada görüləsi vacib işlər var."

Hacivasiliu bir öncəki dövrdə ərəb ölkələri ilə ticarət əməkdaşlığını artırmaq üçün göstərilən səyləri də davam etdirmək niyyətində olduğunu bildirib. Digər tərəfdən, mərasimdə çıxış edən Yunanıstanın Xarici işlər naziri Yorqos Yerapetritis K.Franqoyannisə xidmətlərinə görə təşəkkür edərək onun baş nazirin müşaviri vəzifəsində çalışmağa davam edəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə