ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp ənənəyə qarşı çıxaraq andiçmə mərasiminə xarici liderləri dəvət etməyə qərar verib. SİA xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Bildirilir ki, Çin lideri Si Cinpin tədbirə dəvət alıb. Lakin Çinin Xarici İşlər Nazirliyi ÇXR sədrinin əvəzinə andiçmə mərasiminə onun müavini Han Cenin gedəcəyini bəyan edib.
Çin tərəfinin qərarını şərh edən agentlik qeyd edir ki, əvvəllər heç bir dövlət başçısı andiçmə münasibətilə ABŞ-yə rəsmi səfər etməyib, yalnız xarici diplomatlar iştirak ediblər. Həmçinin digər dövlətlərin liderləri də dəvətnamə alıblar. Bunların arasında Argentina Prezidenti Xavyer Miley və İtaliyanın Baş naziri Corcia Meloni də var. Dəvət olunanlardan Ekvador Prezidenti Daniel Noboa və Paraqvay Prezidenti Santyaqo Penya artıq mərasimdə iştirak edəcəklərini təsdiqləyiblər. Bundan əlavə, ilk dəfə olaraq ABŞ prezidentinin andiçmə mərasimində Yaponiyanın XİN rəhbəri olacaq.
Qeyd edək ki, Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərinin qalibi olub. Respublikaçının andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə