Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci ildə Ukraynadakı müharibədən təsirlənənləri və qaçqınları dəstəkləmək üçün ümumilikdə 3,32 milyard dollar məbləğində yardım çağırışı edib.
SİA-nın məlumatına görə, BMT-nin Humanitar İşlər üzrə Əlaqələndirmə Ofisi (OCHA) və BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) 2025-ci il üçün "Ukrayna regional qaçqın və humanitar müdaxilə planını" işə salıb. Plana dair yayınlanan hesabatda 2025-ci il üçün Ukraynada və sərhəd boyu böhrandan təsirlənən 8,2 milyon insanı dəstəkləmək məqsədilə 3,32 milyard dollarlıq yardım çağırışı edildiyi bildirilib.
Hesabatda belə qeyd olunub: "Ukrayna hökuməti ilə Kiyevdə başlanan planlar müharibə səbəbindən həyatı alt-üst olmuş insanların ehtiyaclarını qarşılamaq üçün strategiyaların əsas istiqamətlərini əhatə edir."
2025-ci ildə kritik humanitar səylərin davam etdirilməsi üçün beynəlxalq həmrəyliyin əhəmiyyəti vurğulanan hesabatda Ukraynadakı yardım təşkilatlarının bu il 6 milyon insana qida, səhiyyə xidməti, sığınacaq, nağd pul yardımı, təcili vəziyyətlərdə təhsil, qoruma və digər həyati əhəmiyyətli xidmətlərlə yardım göstərməyi hədəflədiyi qeyd olunub. Kifayət qədər maliyyə və resurs olduğu təqdirdə ölkə daxilində yardım göstərilməyə davam ediləcəyi bildirilib. Hesabatda həmçinin humanitar yardım icmasının bütün bölgələrdə ehtiyac sahibi insanlara çatmağa hazır olduğu vurğulanıb. BMT tərəfdaşlarına bu yardım çağırışını dəstəkləmələri üçün müraciət edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə