Fransa Afrikada həm hərbi, həm də siyasi çəkisini itirir

Afrika ölkələrində hərbi mövcudluğu azalan Fransa dünyanın ikinci ən böyük qitəsində, xüsusilə Sahil bölgəsində də siyasi çəkisini itirir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediasının Paris ilə Afrika ölkələri arasında münasibətlərdəki böhrana həsr olunmuş reportajlarında və analitik məqalələrində deyilir.

“Anadolu” agentliyi oxucuların diqqətini Fransa hərbi kontingentinin Mali, Niger və Burkina-Fasodan tamamilə çıxarılmasına, habelə Çad hakimiyyətinin ötən il noyabrın 28-də Parislə təhlükəsizlik və müdafiə sənayesi sahəsində müqaviləni ləğv etmək qərarına yönəldib.

Agentlik qeyd edir ki, Fransa hərbi kontingenti bu ayın sonunda həmin Afrika ölkəsini tamamilə tərk edəcək.

Türkiyə mediası Seneqal hakimiyyətinin 2025-ci ilə qədər bütün xarici qoşunların ölkə ərazisindən tamamilə çıxarılması qərarını da xatırladır.

“İstiklal” qəzeti Sahil eksperti Ahmet Nuraddinin bu gün Afrika dövlətlərinin müstəmləkəçilik miraslarından tamamilə imtina etməyi hədəflədiklərini və bunun müxtəlif sahələrdə özünü büruzə verdiyi fikrinə istinad edib.

Onun sözlərinə görə, keçmiş müstəmləkələrdə Parisin mövqelərinin zəifləməsinə səbəb təkcə Afrika xalqları arasında milli şüurun artması deyil, həm də digər böyük dövlətlərin, o cümlədən Çin, Rusiya və Hindistanın “addım-addım yürütdükləri” siyasətidir. Bu dövlətlər Afrikada Parisi əvəz edirlər.

A.Nuraddin, həmçinin ABŞ və Yaponiyanın Çinin Afrika qitəsində kəskin rəqabət mühiti yaradan mövqelərini möhkəmləndirməsinə mane olmaq istəyini də diqqətə çatdırıb.

“Fransanın Afrikadakı təsirinin zəifləməsinin digər səbəbi Ruanda və Mərkəzi Afrika Respublikasında törədilən kütləvi cinayətlərdir. Regionun bir çox ölkələri Fransanın bu qanlı hadisələrdə birbaşa və ya dolayısı ilə əli olduğuna əmindirlər. Nəticədə Paris üç əsrdir ki, sahib olduğu Afrika resursları üzərində nəzarəti itirir”, -deyə o qeyd edib və bunu Fransanın Afrika ölkələri ilə iqtisadi əlaqələrinin həcminin azalması ilə izah edib.

“CGTN Türk” telekanalı Paris siyasətçisinin Malidəki fiaskosu ilə bağlı reportaj hazırlayıb.

O, Malidə, Mərkəzi Afrika Respublikasında, Burkina-Fasoda, Nigerdə, Seneqalda və Kot-d'İvuarda Fransa haqqında açıq şəkildə mənfi rəyin formalaşması barədə tamaşaçılara məlumat verib.

Türkiyə telekanalı Mali Müqavimət Hərəkatının nümayəndələrinə istinadla məlumat yayıb ki, onlar terrorizmlə mübarizə bəhanəsi ilə ölkəyə 20 min fransız əsgərinin yerləşdirildiyini xatırladıblar.

Onların sözlərinə görə, Fransadan hərbçilərin gəlişi ilə ölkədə vəziyyət kəskin pisləşib, əhali təzyiqlərə məruz qalmağa başlayıb, vəhşilik halları qeydə alınıb.

“İnsanlar evlərini tərk etməyə başladılar, kəndlər dağıdıldı, hamilə qadınlar və uşaqlar öldürüldü. Mali ordusu faktiki olaraq parçalanıb. Eyni zamanda, Mali Hərbi Hava Qüvvələrinə ölkənin müəyyən bölgələrinə uçuşlara icazə verilməyib, rəsmilərə isə Parisdən xəbərsiz silah almaq qadağan edilib. Vəziyyət yalnız 2020-ci ilin avqustunda ölkədə hakimiyyət dəyişikliyi ilə dəyişdi. “Fransızlar ölkədən qovulublar”, -deyə reportajın davamında deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə