İraq təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən İŞİD əməliyyatı nəticəsində Kərkükdə terror təşkilatının gizlənmə yeri və hücum üçün istifadə etdiyi Zeqetun vadisinin tamamilə terrorçulardan təmizləndiyi bildirilib.
Kərkük Birgə Əməliyyatlar komandiri Salih Xırız mətbuata verdiyi açıqlamada Zeqetun vadisinin uzun illər terror təşkilatı İŞİD-in gizlənmə və təhlükəsizlik qüvvələrinə qarşı hücum üçün istifadə etdiyi bir yer olduğunu qeyd edib. Xırız vadinin tamamilə terrorçulardan təmizləndiyini vurğulayıb və əvvəllər başlatdıqları əməliyyatı nəhayət tamamladıqlarını bildirib. O, burada yenidən terror elementlərinin yaranmasının qarşısını almaq üçün Kərkük Su və Kanalizasiya İdarələri ilə əməkdaşlıq çərçivəsində bütün qamış və yabanı otların təmizlənməsi üçün işə başladıqlarını da qeyd edib.
SİA xəbər verir ki, mətbuata açıqlama verən Kərkükün cənubunun təhlükəsizliyinə cavabdeh olan İraq Ordusunun 11-ci Bölüyünün komandiri Maad Fərəc isə terrorçuların sığındığı, qamış və yabanı otlarla dolu Zeqetun vadisinin daim təhlükəsizlik qüvvələri üçün təhdid olduğunu bildirib. Fərəc Kərkük şəhərinin cənubundakı Haviçə rayonunun yaxınlığında yerləşən vadinin tamamilə terrorçulardan təmizləndiyini qeyd edərək "İŞİD-çi terrorçular illərdir burada heyvan və balıq ovlayaraq mövcudluqlarını qoruyurdular. Artıq burada onlara yer yoxdur" deyib. O, vadidə İŞİD-in səhifəsini bağlamaq istədiklərini və bu vadinin artıq terror yuvası olmadığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə