“Haber Global” TV: Aİ-də Ermənistanın uğursuzluqları və ikili oyunları qeyd edilir
Ermənistanın ardıcıl olaraq uğursuzluqları və məğlubiyyətləri Avropa İttifaqı (Aİ) səviyyəsində də qeydə alınır. SİA xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” xəbər kanalının İrəvanın xarici siyasətinin vəziyyətinə həsr olunmuş analitik icmalında deyilir.
Qeyd olunur ki, Qarabağdakı məğlubiyyətdən sonra İrəvan Yaxın Şərqdəki mövqelərini itirir.
“Diplomatik mənbələrə görə, Suriyadakı “Baas” rejimi ilə əlaqələrin inkişaf etdirilməsi kursunu dəstəkləyən baş nazir Nikol Paşinyan hökuməti, o cümlədən hərbi personal və parlamentarilər göndərməklə, Yaxın Şərqdə anti-Türkiyə kursunda uğursuzluğa düçar olub”, - deyə “Haber Global”ın materialında bildirilib.
Telekanal vurğulayır ki, Azərbaycan və Türkiyənin birliyi Ermənistanın siyasətini çıxılmaz vəziyyətə salıb və bu, Brüsseldə də qeyd olunur.
“Haber Global” “EU Reporter” nəşrinin məlumatlarına istinad edərək, Əsəd rejiminin devrilməsinin “Paşinyan hökuməti üçün diplomatik itki” olduğunu bildirib.
Aİ-yə yaxınlığı ilə tanınan resurs Paşinyan hökuməti ilə Əsəd rejimi arasında dialoqun İrəvanın Qərbyönlü ritorikasına zidd olduğunu yazıb.
“EU Reporter” xatırladır ki, Paşinyan administrasiyası Azərbaycanla müharibədə İrəvana dəstək verməyən Moskvadan narazılıq nümayiş etdirib, Ermənistanın Milli Təhlükəsizlik Şurası isə 2023-cü ilin dekabrında Rusiya Federasiyasından uzaqlaşmaq və bütün diqqətini Avropa İttifaqı ilə dialoqa yönəltmək qərarına gəlib. Müdafiə sektorunda İrəvan, həmçinin Yunanıstan, Hindistan və Fransadan silah almaq, KTMT-nin iclaslarında iştirakdan imtina etmək və ABŞ-la birgə təlimlər keçirmək kursu seçib”, - deyə “Haber Global” Avropa nəşrinin mətnindən sitat gətirir.
Türkiyə telekanalı Avropa İttifaqı nümayəndələrinin Ermənistanın saxta şirkətlərin kanalları vasitəsilə anti-Rusiya sanksiyalarından yayınması ilə bağlı sözlərinə diqqəti yönəldib ki, bu da Qərbdə “Avropaya inteqrasiyaya yönəlmiş bir ölkənin ikiüzlülüyünün təzahürü” kimi qəbul edilir.
“İrəvanın Əsəd rejimi ilə sıx əməkdaşlığı uzun illər Qərbin mövqeyinə zidd olub. Erməni hərbçiləri Rusiya hərbi mütəxəssisləri ilə birlikdə Suriyada Əsədə dəstək veriblər. ABŞ iki dəfə İrəvanın bu mövqeyini açıq şəkildə tənqid edərək, Dəməşqə hərbi və digər yardımların yolverilməzliyini qeyd edib. “Qərb də Ermənistanın İranla təmaslarından narazıdır”, - deyə daha sonra icmalda qeyd edilir.
Bildirilir ki, İrəvan Qərbin Tehrana qoyduğu məhdudiyyətlərə məhəl qoymur, bu da Avropada “ikili diplomatik oyun” kimi qəbul edilir.
Sonda Qərbin Ermənistandan gözlədiyi beş addım sadalanır: KTMT-dən rəsmi çıxması; sonradan Aİ ilə Assosiasiya Sazişinin imzalanması ilə Avrasiya İqtisadi İttifaqında üzvlüyünə xitam verilməsi; Qərbin Rusiyaya qarşı sanksiyalarına ciddi riayət edilməsi; Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini pisləməsi; İranla tərəfdaşlıq strategiyasından uzaqlaşması.
Bütün xəbərlər Facebook səhifəmizdə