Birləşmiş Millətlər Təşkilatı (BMT) "Suriyada uzunmüddətli sabitliyə investisiya" çağırışı edib.
SİA-nın məlumatına görə, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin mətbuat katibi Yens Larke Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkəyə göstərilən humanitar yardım və dəstək mövzularında mətbuata açıqlamalar verib.
Suriyada fəaliyyət göstərən humanitar yardım təşkilatları üçün prioritetin insanların ən təcili ehtiyaclarını qarşılamaq olduğunu bildirən Larke bu ehtiyacların ərzaq, sığınacaq, səhiyyə xidmətləri və təmiz su olduğunu qeyd edib. O, "Suriyada uzunmüddətli sabitliyə investisiya etmək zərurəti var. Bu, elektrik enerjisinə çıxış da daxil olmaqla əsas xidmətlərin yenidən qurulmasına, insanların gəlir mənbəyinə və özlərini dolandıracaq vasitələrə sahib olmalarına kömək edəcək. Təbii ki, bu, zaman tələb edə bilər" deyə vurğulayıb.
BMT rəsmisi insanların kritik humanitar ehtiyaclarını qarşılamaqla yanaşı daha davamlı həll yollarına zəmin yaradan "erkən bərpa fəaliyyəti"nin dəstəklənməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Bu fəaliyyətlərə su mənbələrinin bərpası və ya suvarmaya investisiya qoyulması kimi məsələlərin daxil olduğunu bildirib.
Yens Larke problemlərə davamlı həllər tapmağın insanların öz evlərinə daha dayanıqlı şəkildə qayıtmalarına töhfə verəcəyini də qeyd edib. Eyni zamanda, Suriyaya yönələn humanitar yardımlarla bağlı maliyyə çatışmazlıqlarına diqqət çəkən Larke "Keçən il 10,8 milyon insana dəstək olmaq üçün 4,1 milyard dollar məbləğində yardım çağırışı etdik, lakin bunun yalnız üçdə biri təmin edildi. Bu boşluğu doldurmaq kritik əhəmiyyət daşıyır" deyə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə