Serbiyanın ən böyük aviaşirkəti Rusiya şəhərlərinə uçuşları ləğv edir

Belqraddan artıq Kazana və Soçiyə gedə bilməyəcəklər

...“Air Serbia” yanvarın sonundan etibarən Belqraddan Rusiyanın Kazan və Soçi şəhərlərinə uçuşları dayandıracaq. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) aviaşirkətin bronlaşdırma sisteminin məlumatlarına istinadən məlumat yayıb.

Kazana son reys yanvarın 18-də, Soçiyə isə yanvarın 20-də planlaşdırılır. Eyni zamanda, Serbiyanın ən böyük aviaşirkəti uçuşların ləğvi ilə bağlı hələlik rəsmi şərh verməyib.

... Moskva və Sankt-Peterburqa uçuşlar bron etmək üçün qalır.

...“Air Serbia”nın qərarı dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” təyyarəsinin faciəsindən sonra digər aviaşirkətlərin bir sıra oxşar tədbirləri ilə üst-üstə düşür.

Belə ki, Rusiya şəhərlərinə uçuşlar əvvəllər Azərbaycan Hava Yolları, Qazaxıstan Qazaq Air, İsrailin El Al, Arab Flydubai və Türkmən Hava Yolları tərəfindən ləğv edilib.

...Təyyarə qəzasından dərhal sonra “Euronews” və “Reuters”in Azərbaycan hökumətindəki mənbələri fəlakətin səbəbinin Qroznı səmasında pilotsuz təyyarələrin hücumunu dəf edərkən Rusiyanın zenit-raketinin buraxılması olduğunu bildiriblər. Sursat təyyarənin yaxınlığında partlayaraq ona ziyan vurub. Ekipaj təcili eniş tələb etsə də, lakin heç bir Rusiya hava limanı eniş etməyə icazə verməyib. Nəticədə təyyarə Xəzər dənizi üzərindən Aktauya doğru hərəkət edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə