Əbu-Dabidə Ümumdünya Gələcək Enerji Sammiti keçiriləcək

Yanvarın 14-16-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Ümumdünya Gələcək Enerji Sammiti keçiriləcək. SİA sammitin saytına istinadla xəbər verir ki, tədbir yanvarın 12-dən 18-dək davam edəcək Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində “Masdar” şirkətinin təşkilatçılığı ilə baş tutacaq. Sammit dayanıqlığın sürətləndirilməsinə və qlobal enerji sistemlərində keyfiyyətli dönüş yaratmağa töhfə verəcək, davamlı gələcəyə yol açan ideyaları müzakirə etmək və paylaşmaq üçün yenilikçi liderləri və qlobal düşüncə sahiblərini bir araya gətirəcək.

Hər il bu tədbirdə təxminən 125 ölkədən 34 minədək ziyarətçi və alıcı iştirak edir.

Qeyd edilməlidir ki, Əbu-Dabi Davamlılıq Həftəsi ərzində, həmçinin bir sıra mühüm tədbirlər keçiriləcək. Yanvarın 12-13-də Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) ali qərarverici orqanı olan Baş Assambleyanın 15-ci iclası baş tutacaq. Assambleyada 168 üzv ölkənin nümayəndələri təmsil olunacaq. İclasda dövlət başçıları, nazirlər, yüksək səviyyəli hökumət nümayəndələri, özəl sektorun təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və digər qlobal təşkilatlar bir araya gəlir. Tədbirin məqsədi qlobal bərpaolunan enerji gündəliyini yenidən vurğulamaq və enerji sektorunda qlobal keçidin sürətləndirilməsi üçün konkret addımları təşviq etməkdir.

Yanvarın 13-də isə "Qlobal İqlim Maliyyələşdirmə Mərkəzi” forumu təşkil olunacaq. Forum qlobal liderləri bir araya gətirərək, iqlim maliyyələşdirilməsini gücləndirmək üçün həllər və alətlərin inkişafına diqqət yetirir. Bu tədbirdə siyasətçilər, sərmayədarlar, maliyyə qurumlarının nümayəndələri iqlim sərmayələrinin gələcəyini müzakirə edəcəklər. Forum beynəlxalq öhdəliklərin yerinə yetirilməsi vəziyyətinə nəzər salacaq, iqlim maliyyələşdirməsi sahəsində yenilikləri vurğulayacaq və iqlim layihələrinin həyata keçirilməsi məqsədilə kapital axınını sürətləndirmə strategiyalarını araşdıracaq.

Əbu-Dabi Davamlılıq Həftəsi sammiti isə yanvarın 14-15-də keçiriləcək. Sammit qlobal davamlılıq gündəminin formalaşmasına və dayanıqlı, inklüziv gələcəyin qurulmasının sürətləndirilməsinə töhfə verən əsas platformadır. Builki sammit "Davamlı gələcək üçün sektorların inteqrasiyası" mövzusuna həsr ediləcək. Tədbir iqtisadi inkişafda keyfiyyətli dönüş yaratmaq üçün sektorlar arasında əlaqəni gücləndirməyi hədəfləyir.

Yanvarın 16-da keçiriləcək “Yaşıl hidrogen” sammiti Davamlılıq Həftəsinin əsas tədbirlərindəndir. Sammit qlobal miqyasda aparıcı şirkətlər arasında hidrogen iqtisadiyyatını sürətləndirmək üçün fikir mübadiləsi aparmaq imkanı yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə