Türkiyədə 2025-ci il yanvarın 1-dən etibarən təyyarənin qalxması, enməsi və ya hava gəmisinin hava limanının/aerodromun ərazisindən hərəkəti prosesi zamanı lazerlərdən qəsdən istifadəyə görə cərimə məbləği 43,93 faiz artırılaraq 131 min lirəni (3,7 min dollardan çox) keçib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mülki Aviasiya Baş İdarəsinin müvafiq qərarı çərşənbə günü Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.
Gəminin göyərtəsində tüstü buraxan qurğuların istifadəsi 19 min 668 lirə (təxminən 550 dollar) məbləğində cərimə ilə nəticələnəcək.
Təyyarənin salonunda aqressivlik nümayiş etdirən və ya stüardessalar və digər sərnişinlərlə mübahisə edən, həmçinin ekipajın normal işinə mane olan sərnişinlərə də eyni məbləğdə cərimə tətbiq olunacaq.
Hava limanında yoxlamadan keçməkdən imtina edən və ya təhlükəsizlik xidmətlərinin əməkdaşlarının işinə müdaxilə edən şəxslər 26 min lirədən (742 dollar) çox cərimə ödəməli olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə