İtaliyada Yeni il gecəsi atəşfəşanlıq nəticəsində 309 nəfər xəsarət alıb

İtaliyada Yeni il gecəsi təşkil olunan şənliklər zamanı atəşfəşanlıq nəticəsində ümumilikdə 309 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb.

Bildirilib ki, yaralıların 69-u xəstəxanaya yerləşdirilib. Onlardan 34-ü ağır yaralı hesab olunur, aralarında müxtəlif dərəcəli yanıqları olan, hətta güllə yarası alan və əlləri amputasiya edilən də var.

Polis qüvvələri Yeni il gecəsi böyük şəhərlərdə təhlükəsizliyi artırmaq üçün “qırmızı zonalar” yaradıb. Ölkə üzrə təxminən 28 min 200 nəfər təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılıb, 146 nəfər həbs edilib. Yanğınsöndürənlər tərəfindən 900-dək müdaxilə olunub.

Qeyd edək ki, Yeni il gecəsi atəşfəşanlıq zamanı xəsarət alanların sayı son 10 ildə ən yüksək göstəricidir. Ötənilki şənliklərdə atəşfəşanlıq nəticəsində 274 nəfər xəsarət almış, onlardan 49-su xəstəxanaya yerləşdirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə