Almaniya prezidenti Frank Volter Ştaynmayer Federal Məclisi buraxaraq 23 fevral 2025-ci ildə növbədənkənar seçkilərin keçiriləcəyini elan edib. SİA bu barədə xarici qaynaqlara istinad edir.
Prezident Ştaynmayer Bellevue Sarayında verdiyi açıqlamada "Bu gün 20-ci Alman Federal Məclisinin buraxılmasına və 23 fevral 2025-ci ildə yeni seçkilərin keçirilməsinə qərar verdim", - deyə bildirib.
Ştaynmayer qərarını Federal Məclis sədrinə təqdim etdiyini qeyd edib. Federal Məclisdəki parlament qrup rəhbərləri ilə görüşlər keçirdiyini vurğulayan prezident "Etimad səsverməsinin nəticəsinə əsasən, mövcud hökumət artıq əksəriyyətə sahib deyil. Lakin aparılan danışıqlarda fərqli bir hökumət üçün də heç bir əksəriyyət müəyyən edə bilmədim. Bu səbəbdən, ölkəmizin rifahı naminə yeni seçkilərin artıq düzgün yol olduğuna inanıram",- deyə fikirlərini ifadə edib.
Frank Volter Ştaynmayer yeni hökumət və Məclis formalaşana qədər hazırkı Məclis və hökumətin vəzifələrinə davam edəcəyini vurğulayıb. Həmçinin, seçki kampaniyasının ədalətli və şəffaf şəkildə aparılacağını gözlədiyini bildirib.
16 dekabrda Məclisdə keçirilən etimad səsverməsinin ardından Olaf Şoltsun başçılıq etdiyi hökumət devrilmiş və ölkədə növbədənkənar seçki prosesi başlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə