“Bu cür həddindən artıq istehlak pis bir vərdişimizə çevrilib”

İran prezidenti Məsud Pəzəşkiyan ölkədə elektrik və təbii qaz kəsintiləri ilə bağlı problemlərdən danışaraq günəş işığı olduğu halda salonda lampaların yandırılmasına etiraz edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Məsud Pəzəşkiyan Şimal Xorasan vilayətində xalqa müraciət edib. Avropa ölkələri ilə müqayisədə İranda təbii qaz istehlakının 3-4 dəfə çox olduğunu vurğulayan Pəzəşkiyan təbii qaz çatışmazlığı səbəbindən fabriklərə və evlərə kifayət qədər təbii qaz və elektrik verə bilməməkdən şikayətlənib. Çıxışı zamanı salondakı lampaları göstərərək deyib: "Bu lampaları niyə yandırmısınız? Burada onsuz da günəş işığı var. Niyə yandırmısınız? Məsələn, buranı qızdırmaq üçün də həddən artıq enerji istifadə etmisiniz. Məncə, çox istidir. Bu cür həddindən artıq istehlak pis bir vərdişimizə çevrilib."

Pəzəşkiyan İranın dünyada ən çox enerji ehtiyatına malik ölkələr arasında olduğunu xatırladaraq hər kəsdən mümkün qədər enerji qənaət etmələrini istəyib.

Prezident Pəzəşkiyanın xəbərdarlığından sonra salondakı işıqlar söndürülüb. İranda iqtisadi sanksiyalar səbəbindən enerji infrastrukturlarına kifayət qədər sərmayə qoyulmamasına əlavə olaraq təbii qaz və elektrik istehlakındakı laqeydlik enerji təchizatında problemlərə yol açır. Xüsusilə qış aylarında sənaye, kənd təsərrüfatı və yaşayış bölgələrində baş verən elektrik kəsintiləri iqtisadi və sosial problemlərə səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə